Böyük qurbanlar verərək istiqlaliyyətə qovuşmuş qardaş Əlcəzair bu gün inkişaf edir, öz rifahını yaşayır. Bu gün Əlcəzair beynəlxalq və regional xarakterli bir sıra problemlərin həllində vacib rol alır.
Düz 68 il əvvəl müstəmləkəçilik siyasətinə qarşı azadlıq mübarizəsinə başlayan Əlcəzair xalqı misli görünməmiş şiddətə, zorakılığa və müharibə cinayətlərinə baxmayaraq, müstəqillik əzmini itirməyib. 132 il ərzində Fransa tərəfindən asılı əraziyə çevrilən, amansız əsarətə məruz qalan, misli görünməmiş qəddarlıq, insanlıq əleyhinə cinayətlərlə üzləşən Əlcəzair xalqı milyon yarım şəhid verərək bəşər tarixinə qəhrəmanlıq səhifəsi yazıb. Fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetiriblər. Buna görə də Əlcəzair “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairli Fransanın müstəmləkəçilik dövrünün qurbanı olub.
Fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən fərqli olub. Belə ki, əgər başqa ərazilərin müstəmləkə olduğu qəbul edilirdisə, Əlcəzair Fransanın bir parçası, onun dənizarxası ərazisi sayılırdı.
1954-cü il noyabrın 1-də ölkədə başlayan inqilab müstəqilliyin əldə edilməsi ilə başa çatır. Milli Azadlıq Hərəkatı məhz 1 noyabrda başladığı üçün Ərəb Dövlətləri Liqasının Sammiti də məhz bu əlamətdar günə salınıb.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzair Prezidenti Abdelmacid Tebbuna göndərdiyi təbrik məktubunda da 1 noyabr tarixinin Əlcəzair xalqı üçün önəmi bir daha vurğulanır.
“1 noyabr 1954-cü ildə Əlcəzair xalqı müstəmləkəçilik siyasətinə qarşı azadlıq mübarizəsinə başlamışdır. Müstəmləkəçi qüvvələrin xalqınıza qarşı törətdiyi misli görünməmiş şiddətinə, zorakı əməllərinə və müharibə cinayətlərinə baxmayaraq, Əlcəzair xalqının müstəqillik əzmi sarsılmamış, əksinə, milli birlik və həmrəylik daha da güclənmişdir”, – məktubda deyilir.
Dövlət başçısının bu gün Əlcəzair şəhərində Milli Mücahidlər Muzeyinin xatirə kitabına yazdığı ürək sözləri Azərbaycanın bu ölkə həmrəy olduğunu, hər iki xalqın müstəmləkə zülmünə qarşı mübarizəsi, verdiyi qurbanlar və qələbə əzminin oxşarlıq təşkil etdiyini göstərir:
“Milli Mücahidlər Muzeyi Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleksdir. Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Amansız müstəmləkə əsarətindən qurtulmaq üçün başlanılan azadlıq və müstəqillik mübarizəsi Əlcəzair xalqının böyük şücaətinin, birliyinin, sarsılmaz iradəsinin və qətiyyətinin rəmzi kimi Əlcəzairin tarixinə əbədi olaraq həkk olunmuşdur”.
Azərbaycan və Əlcəzair arasında tarixi paralellər aparsaq görərik ki, hər iki xalq işğala və əsarətə məruz qalıb. Fransanın Əlcəzairdə apardığı siyasətlə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Qarabağ bölgəsində apardığı siyasət oxşardır. Görünür, Fransa özünün “kiçik bacısı” saydığı Ermənistana Əlcəzairdə törətdikləri barədə “ustad dərsi” keçib. Rəsmi Parisin ermənipərəst siyasətinin kökündə həm də bu yanaşma dayanır. Qarabağda yaşayan ermənilərə müstəqillik tələb edən Fransa, ərazisinə görə Afrikanın ən böyük ölkəsinin əhalisinə muxtariyyət verməkdən imtina etmişdi.
Göründüyü kimi, ikili standartlar və riyakarlıq Fransanın dövlət siyasətinin əsas xəttini təşkil edir. Bu isə demokratiya adı altında mürtəce siyasətdən başqa bir şey deyil.
Bununla yanaşı, Azərbaycanla Əlcəzair Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq həyata keçirilir. Əlcəzair Prezidenti Abdelkader Bensalah 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana səfər edib.
Əlcəzairin Azərbaycanın hazırda sədrlik etdiyi dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatda təmsil olunması da bu mənada xüsusi önəm daşıyır.
Qeyd edək ki, Qoşulmama Hərəkatının yaradılması müstəmləkə sisteminin süqutu, Afrika və digər bölgələrdə soyuq müharibədən əziyyət çəkən xalqların müstəqillik uğrunda mübarizəsi dövrünə təsadüf edir. Bu hərəkat müstəmləkə dövründə çəkilmiş süni sərhədlərə və böyük dövlətlərin təsiri ilə yaradılmış etnik münaqişələrə birbaşa qarşı çıxan, tam hüquqlu və beynəlxalq əhəmiyyətli bir qurumdur. Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyini vurğulasaq deyə bilərik ki, ölkələrimiz digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən qəti şəkildə imtina edir.