• 23 Noyabr 2024 03:19

Deputat: “İranın anti-Azərbaycan siyasəti bölgədə destruktiv qüvvələrin canlanmasına gətirib çıxara bilər”

“İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ifşa edildi. Şəbəkənin konkret İran tərəfindən maliyyələşdirilməsi, hətta İranın Azərbaycandakı səfirliyinin avtomobili ilə üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin ərazilərimizə keçirilməsi, paylanmasına cəhdlər bir daha İranın Azərbaycanla bağlı məkirli siyasətini açıq-aydın göstərir. Bu, qəbuledilməzdir. Buna yol vermək olmaz. İran hakimiyyəti siyasətinə düzəliş etməlidir. Yəqin ki, İranda da rasional düşünən siyasətçilər mövcuddur. Onlar anlamalıdırlar ki, yürütdükləri anti-Azərbaycan siyasəti bölgədə destruktiv qüvvələrin canlanmasına gətirib çıxara bilər. Bu isə arzuolunmaz hadisələrə yol açar”.

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, İran mütləq şəkildə Azərbaycanla bağlı məsələlərdə ehtiyatlı olmalıdır: “Masa arxasında oturaraq problem gördüyü məsələləri müzakirə etməlidir. Azərbaycanın İranla bağlı yürütdüyü siyasətin qarşılığını eyni xoşməramlı siyasətlə verməlidir. Son zamanlar İranın bölgədəki fəaliyyəti hamını narahat edir. İran uzun illər açıq və gizli şəkildə anti-Azərbaycan fəaliyyətini genişləndirib. Etiraf etməliyik ki, hətta 1990-cı illərdə torpaqlarımızın işğalı zamanı İran Ermənistana gizli formada dəstək verirdi. Hətta Şuşanın işğal olunmasında İranın hansı oyunlar oynadığını da yaxşı bilirik”.

V.İskəndərov deyib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə bir çox dövlətləri və təşkilatları narahat edib: “Onlardan biri də elə məhz yaxın qonşumuz İrandır. İranın açıq-aydın Azərbaycanın qələbəsinə qıcıqlandığını, bölgədə sülhün yaranmasına maneə olacaq konkret hərəkətlər nümayiş etdirdiyini izləyirik. İran son fəaliyyəti ilə açıq-aydın Ermənistanın yanında olduğunu, dəstəklədiyini göstərdi. Azərbaycan isə əksinə, İrana qarşı hər zaman yaxın qonuşuluq münasibəti sərgiləyib. İranla dinimiz birdir, tarixi köklərimiz arasında bağlılıq var. Azərbaycan İranla siyasətində həmişə ehtiyatlı davranıb. Bir çox məqamlarda İranı bu və ya digər formada dəstəkləməyimiz də hamının yadındadır. Azərbaycan heç vaxt anti-İran məsələlərində iştirak etməyib. Hətta siyasi gedişlərdə ABŞ və digər dövlətlərin qəzəbinə tuş gəlib. Buna rəğmən, Azərbaycan yaxın qonşusu İranı təhlükəyə ata biləcək məsələlərdə həmin dövlətləri dəstəkləməyib. Bu, Azərbaycan tərəfinin siyasəti və niyyətidir”.

Tacxeber.com

Oxşar xəbərlər