• 04 Noyabr 2024 02:01

“Heç bir psixoloji problemimiz yoxdur” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Frayburq”la (Almaniya) sabah Bakıda keçirəcəkləri matçdan öncə mətbuat konfransı təşkil edib. Mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:

– Son oyunumuza çıxırıq. Çox fikir bildirməyəcəm. Yaxşı, qrupda məğlub olmayan komanda ilə qarşılaşacağıq. Rəqibi daha yaxından tanıdıq, oyunçularını daha yaxından öyrəndik. Oyunun mahiyyətini bilirik. 90 dəqiqə diqqətli olmalı və fikrimizi oyunumuza yönəltməliyik. Futbolçularıma güvənirəm. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini göstərək.

– Futbolçuların psixoloji durumu necədir? Xüsusilə də Şahruddinin…

– Son vaxtlar psixoloji durumdan çox danışılır. Vacib oyundur. Biz peşəkarıq. Hər şey qaydasındadır. Bilirik ki, kimlə oynayırıq. Son Avropa oyunumuzdan 6 gün keçib və hər gün də Şahruddinin adı hallanıb. Ondan çox yazılır. Məni ən çox narahat edən budur. İstərdim ki, onun adı bu qədər hallanmasın. Bu, həm Şahruddində, həm də bütün komandada gərginlik yaradır. Həmişə azarkeşlərimizə güvənmişəm. Belə oyunlara real yanaşmalıyıq. Rəqiblərin gücü bizə bəllidir. Hamımız bir yerdə bu rəqiblərə qalib gələ bilərik. Belə hallar təsir edir. Ümumən, peşəkarıq. Hər şey qaydasındadır. Heç bir psixoloji problemimiz yoxdur. Hamı başa düşür ki, bu cür oyunlarda özlərini necə idarə etməlidirlər. Futbol səhvlər oyunudur. Bütün matçlarda olur. Hər bir halda, fikirlərə hörmətlə yanaşıram. Şahruddində və digər futbolçularda hər şey qaydasındadır. Fikrimiz sabahkı oyunu yaxşı nəticə ilə başa vurmaqdır. İnşallah, xeyirlisi olar.

– Paralel müqayisə apara bilərsinizmi: “Kopenhagen”lə cavab oyunu öncəsi hazırlıq necə idi, indi necədir?

– Həmişə ilklərin dadı başqa olur. Daha yaxşı oyun, nəticə göstərməyə çalışmışıq. Ad olaraq Çempionlar Liqasının pley-offu daha həyəcanlı sayıla bilər. Mənim üçün müqayisə aparmaq asan deyil. Amma bu matçı ondan ayırmazdım. Həyəcan həmişə olur, çempionat matçlarında da. Komanda, klub olaraq böyük təcrübəyə malikik. Sabahkı oyunda hamı istəkli, yaxşı mənada həyəcanlı olacaq. Hərəsinin öz yeri var. Daha çox istək və diqqətlə oyuna hazırlaşırıq.

– “Frayburq”un artıq liderliyi təmin etməsinin müsbət və mənfi cəhətləri kimi nələri qeyd etmək olar?

 -Necə cavab verəcəyimi bilmirəm. Bəzən komanda vəzifəni yerinə yetirəndə daha rahat oynayır və istədiyi oyunu tam göstərə bilir. Bəzən isə nəticə lazım olanda gərginlik yaşayırlar. Daha çox özümüz haqqında fikirləşirik. Onların nə etmək istədiklərinə zaman ayırsaq, özümüz üçün vaxtımız az olar. Sabah hansı heyətlə, sistemlə oynayacaqlarını gözləyəcəyik.

– Qara Qarayev, Bədavi Hüseynov və Leandro Andradenin oynamaq ehtimalı varmı?

 -Bədavi oynaya bilməyəcək. Andradenin zədəsi davam edir. Hələ hazır deyil. Zədəsini yenilədi. Qara komanda ilə məşq etməyib, fərdi hazırlaşır. Sabah “23-lük”də olub-olmayacağı bilinəcək. İkisi oynamayacaq, Qara da sual altındadır.

– “Qarabağ” 9 ildir ki, avrokuboklarda çıxış edir və heç vaxt qrupun son matçında qələbə qazana bilməyib. Bu uğursuz sindrom əlavə psixoloji gərginlik yaratmır?

 -Keçmişə qayıtmaq istəmirik. Qarşımızda “Frayburq”la matç dayanır. Belə hallara önəm vermirəm. Uğursuz seriyamızın olması düşüncəsində deyiləm. Bizi maraqlandıran “Frayburq”la sabahkı matçdır. Qarşımızda yaxşı, intizamlı rəqib var. Alman komandasıdır. Bütün fikrimiz bu oyundadır. Ən yaxşı oyunlarımızdan birini keçirmək istəyirik. (Qol.az)

Qeyd edək ki, noyabrın 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” görüşü saat 21:45-də başlayacaq.

Tacxeber.com

 

Oxşar xəbərlər