“Mən bu barədə “Facebook”da yazmışdım. Yəni düşünməməlidirlər ki, kadr xarici dil bilməli, xaricdə təhsil almalıdır. Əksinə, kadr etibarlı, Vətəninə, xalqına, dövlətinə sədaqətli adam olmalı, tamahı az olmalıdır. Mədəniyyət Nazirliyində işləyən mədə niyyətli olmamalıdır, mədəniyyətli olmalıdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Naftalanın sabiq icra başçısı, eks-deputat Musa Musayev ötən gün DTX tərəfindən Mədəniyyət və Turizm Nazirliyində keçirilən əməliyyatla münasibət bildirərkən deyib.
M. Musayev deyib ki, korrupsiya gəncə-yaşlıya baxmır:
“İnsanda bir tamah dişi var ki, gərək, o tamah dişini çəkib atasan. Bir də ki, kadr gərək, şəxsi mənafeyini kənara qoysun. Əgər Prezident bir adama etibar göstərib, onu vəzifəyə qoyursa, o, məsuliyyətini dərk etməlidir, şəxsi mənafeyini kənara qoymalı və dövlət başçısının etimadını doğrultmalıdır. O kadr bilməlidir ki, bu gün Azərbaycanda korrupsiyaya qarşı çox şiddətli və ciddi mübarizə gedir”.
Müsahibimiz söyləyib ki, kadrlar, ancaq millətin və xalqın mənafeyini üstün tutmalıdır:
“Çox təəssüf ki, istər gənc, istərsə də yaşlı nəsildən olan kadrlar olsun, bəzən bunlar şəxsi mənafeyini xalqın və dövlətin mənafeyindən üstün tutur. Mən belə şeyləri qınayıram və belə şeylərə ar olsun deyirəm”.
Eks-deputatın sözlərinə görə, ölkə başçısının Sərəncamı ilə vəzifəyə qoyulan adam 2-3 qat məsuliyyət olmalıdır:
“Cənab Prezident vəzifəyə təyin etdiyi hər bir şəxsə deyir ki, gedin, xalqın xidmətçisi olun, millətə və dövlətə xidmət edin. Demir ki, gedin, öz cibinizə xidmət edin”.
Son illərdə Dövlət Təhlükəsizlik Xidmətinin bu barədə keçirdiyi əməliyyatları yüksək qiymətləndirən sabiq millət vəkili bu prosesi uğurlu adlandırıb:
“Özü də DTX son illərdə cinayətkarlığa, terrorçuluğa, eyni zamanda da korrupsiyaya qarşı çox uğurlu işlər aparır. Bu halı mən bəyənirəm ki, DTX dövlətimizin, millətimizin mənafeyini üstün tutaraq, cənab Prezidentin tapşırıqlarına sadiq olaraq korrupsiyaya qarşı barışmaz mübarizə aparır”.