Xalidə Kəngərli özünü öldürməzdən əvvəl “Kəpəz Hospital”da çantası da oğurlanıbmış
Bakıda intihar etmiş tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin ölümündən bir neçə ay əvvəl işlədiyi “Kəpəz Hospital” klinikasında çantası da oğurlanıbmış.
Qaynarinfo-nun məlumatına görə, ötən il 8 Noyabr – Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktından sonra azadlığa çıxan 1989-cu il təvəllüdlü Göyçay şəhər sakini Elnur (şərti) adlı şəxs 1 mart 2022-ci il tarixdə “Kəpəz Hospital”ın birinci mərtəbəsindəki həkim otağının giriş qapısının bağlı olmamasından istifadə edərək ora daxil olub. Həmin şəxs otaqdan Xalidə Kəngərliyə məxsus içərisində 80 manatlıq “Apple Airpods 3” markalı naqilsiz qulaqcıq, 150 manat nəğd pul, 3 bank kartı və 80 manat dəyəri olan “Michael Kors” markalı pul kisəsinin olduğu 200 manat dəyərində “Furla” markalı əl çantasını götürüb. O, zərəçəkənə ümumilikdə 540 manat ziyan vurub.
Məlum olub ki, Elnur həbsdən azad olunduqdan bir qədər sonra – 22 fevral 2022-ci il tarixdə Nəsimi rayonunda yerləşən “Avrasiya Hospital” klinikasından da oğurluq edib. O, “Avrasiya Hospital”da operator vəzifəsində çalışan xanıma məxsus, içərisində müxtəlif əşyaların olduğu çantanı oğurlayaraq, zərəçəkmişə 269 manat maddi ziyan vurub.
Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində Xalidə Kəngərlinin qardaşı tanınıb. O, bacısına məxsus əşyaların ibtidai istintaq vaxtı qaytarıldığını, bununla bağlı bacısı tərəfindən şikayət və tələbin olmaması barədə polis idarəsinə ərizə də verildiyini bildirib.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib və 2 il 6 ay azadlıqdan məhrum edib.
Oğurluq faktı ilə bağlı “Kəpəz Hospital”a əlaqə saxlasaq da, bu barədə məlumat verə bilməyəcəkləri deyilib. Bildirilib ki, məsələ ilə bağlı ancaq polis məlumat verə bilər.
Qeyd edək ki, bu ilin 27 iyununda Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb və dünyasını dəyişib.