• 08 Sentyabr 2024 04:20

“Ətrafımızda o qədər saxta alimlər var ki…” – Sərdar Cəlaloğlu 

“Ətrafımızda o qədər saxta alimlər var ki...” – Sərdar Cəlaloğlu 

“Biz elmin, biliyin təbliğini düzgün qurmuruq. Biz deyəndə ki, elm və bilik yaxşı yaşamaq, eləcə də pul qazanmaq vasitəsidir, dərhal reallığı ortaya qoyurlar və deyirlər ki, 1 nəfər müğənni 10 nəfər alimdən çox pul qazanır, bir toydan 10-15 min pul götürür, hamıdan da yaxşı yaşayır”.

Bu sözləri Yenisabah.az-la söhbətində Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

ADP sədri cəmiyyətlə elmə olan marağın kəskin şəkildə azalmasını tənqid edərək bildirib ki, buna səbəb saxta akademiklər və professorlardır. S. Cəlaloğlunun sözlərinə əsasən, elm və bilik insanın yaxşı yaşaması yox, insan kimi yaşaması üçün lazımdır:

“Yəni özünün kainatda yerini düzgün müəyyən etməsi, özünün həyatda düzgün yol seçməsi, kamilləşməsi üçün vacibdir.

Pul qazanmağa gəldikdə isə elmdən kənar yollarla daha asanlıqla pul qazanmaq mümkündür. Yəni biz elmi şəxsi maraqlarla uzlaşdıranda səhv edirik. Ona görə də qətiyyən uşaqlara deməməliyik ki, oxu, yaxşı pul qazan. Bu baxımdan, elmin dalınca getməyin, biliklənməyin fəlsəfəsini uşaqlara anlatmaq lazımdır. Onlar başa düşsünlər ki, özünü dərk edən bir insan milyonlarla pulu olan, ancaq özünün kimliyini bilməyən insandan çox-çox qiymətli bir insandır”.

Müxalifətçi əlavə edib ki, elmin əhəmiyyəti haqqında düzgün məlumat vermək lazımdır. Elm adicə bir fərdin yox, cəmiyyətin, toplumun inkişafı üçün daha çox xidmət göstərir deyən siyasətçi qeyd edib:

“Bir kəşf bir alimə o qədər pul verə bilməz, lakin bir də baxırsan ki, bir kəşf bütün bəşəriyyətə milyardlarla dollar xeyir verə bilər”.

Həmsöhbətimiz iddia edib ki, cəmiyyətdə alimlərə və elmə olan münasibət cavanlarımıza da mənfi təsir edir:

“Əgər hamı gözünü açıb televizorda ildə bir alim görmürsə, yaxud qonşuluqda bir alimə yüksək münasibəti sezmirsə, ya da ki, dövlətin alimə və elmə xüsusi qayğısı və diqqətini hiss etmirsə, alimin özünü cəmiyyətdə doğrudan da digər insanlardan fərqli birisi kimi özünü apardığını bilmirsə, təbii ki, onun elmə də, alim olmağa da marağı azalacaq”.

S. Cəlaloğluna görə, ətrafımızda o qədər saxta alimlər və saxta diplomu olan adamlar var ki, həmin adamlarla təmasda istər-istəməz alimə münasibətdə də gülüş və iyrənclik yaranır, elmə şübhə hiss edilir:

“Əgər adını yaza bilməyən adam elmlər doktorudursa, yaxud da adi davranışı bacara bilməyən adam professor və akademik kimi adlar daşıyırsa, təbii ki, bunlar pis bir nümunə olur və insanları elmdən uzaqlaşdırır”.

“Bu baxımdan, mənə elə gəlir ki, biz həm elm, həm də alimlə bağlı lazımi təbliğatı aparmırıq. KİV-lərdə alimlərimiz elmlə daha çox çıxış etməli, elmi biliklər daha çox yayılmalıdır. Eləcə də tariximizdəki alimlərlə bağlı düzgün təbliğat aparılmalıdır. Mənə elə gəlir ki, problem yalnız gənclərdə deyil, problem elmin düzgün təbliğ olunmaması və alimin cəmiyyətdəki rolunun düzgün izah edilməməsiylə bağlıdır”, – fikirlərini bölüşüb.

Tacxeber.com

Oxşar xəbərlər