Sosial mediada Mədəniyyət naziri Anar Kərimovun xalq artisti, bəstəkar Vasif Adıgözəlovun ölümündən xəbərsiz olması ilə bağlı yayılan məlumatlara mərhum bəstəkarın ailə üzvləri münasibət bildiriblər.
Tacxeber.com xəbər verir ki, Adıgözəlovlar ailəsinin yaxın dostu,vəkil Aslan İsmayılov AzToday.az-a açıqlamasında nazir Anar Kərimovla Yalçın Adıgözəlov arasında belə bir söhbətin olmadığını deyib.
Vəkilin sözlərinə görə, bəstəkarın oğlu Yalçın Adıgözəlov sözugedən məlumatdan sonra onunla əlaqə saxlayıb.
“Yalçın Adıgözəlov mənə bildirdi ki, belə bir söhbət heç zaman olmayıb. Vasif Adıgözəlov 2006-cı ildə rəhmətə gedib, ona qədər də uzun müddət xəstə yatıb. Bunu hamı bilir. Bildiyim qədər mədəniyyət naziri də qarabağlıdır. Onun Vasif Adıgözəlovu tanımaması mümkün deyil… ”
Aslan İsmayılov qeyd edir ki, kimin kimlə haqq-hesabı varsa, əxlaqları olsun, rəhmətə gedən adamların adlarını hallandırmasınlar…
Xatırladaq ki, sosial şəbəkələrdə Mədəniyyət naziri Anar Kərimov musiqi tədbirlərinin birində tanınmış dirijor, xalq artisti Yalçın Adıgözəlova yaxınlaşaraq atasının hal-əhvalını xəbər alıb və 16 il əvvəl rəhmətə gedən Vasif Adıgözəlova salamlarını çatdırmağı xahiş edib.