Gəncə Şəhər İcra Hakimiyətinin dəstəyi, Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə “8 Noyabr – Zəfər günü”nə həsr olunan fləşmob keçirilib.
Tacxeber.com xəbər verir ki,Gəncədəki Heydər Əliyev Park-Kompleksində baş tutan fləşmobda Millət vəkili Müşfiq Cəfərov, Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları və tələbə-gənclər iştirak ediblər.
Azərbaycan Texnologiya Universitetinin tələbələri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “Dəmir Yumruğu”nu əks etdirən fləşmob nümayiş etdiriblər. “Dəmir yumruq” təsviri altında birləşən tələbələr Dövlət Himnini səsləndirib, Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər.
Fləşmobu seyr edən rəsmilər Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan şanlı Zəfər Günündən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən “Dəmir Yumruq” əməliyyatından, dünya hərb tarixində iz qoyan, ordumuzun gücünü və əsgərlərimizin rəşadətini bütün dünyaya göstərən Şuşa əməliyyatından danışıblar. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı bir yumruq kimi birləşib öz haqq savaşını ləyaqətlə, cəsarətlə və böyük inamla aparmağı bacardı. Vətən müharibəsində Azərbaycan xalqı ona aid olanı özünə qaytardı. Bu qələbə Azərbaycan xalqının tarixində əbədi yaşayacaq!