• 13 Noyabr 2024 18:13

Məscidlərdə üzgüçülük hovuzu, sauna? – Elşad Miridən qalmaqallı açıqlama

Məscidlərdə üzgüçülük hovuzu, sauna? - Elşad Miridən qalmaqallı açıqlama

“Məscidlərdə üzgüçülük hovuzunun, kitabxananın, dərs oxumaq üçün yerlərin, çayxananın, idman zalının olması kompleks yanaşmadır. Söhbət bunların məscidin içində olmasından getmir. Təsəvvür edin, neçə hektarlıq sahənin bir tərəfində insanlar məsciddə ibadətlərini edirlər, digər tərəfdə qadınlar və kişilər üçün ayrı idman zalları olur, istəyən saunasına, buxar otağına girir, orda istirahətini edir. Bütün bunlar məcidin içində olmur ki. İnsanlar dənizə getmirlərmi? Üzmək üçün də hovuza girirsiniz. Niyə həmişə yanlış tərəfini fikirləşirik? Bu gün hovuza uşaqlarımız da girib rahatlıqla üzə bilərlər. Məscidlərdə uşaqlar üçün xüsusi oyun yerləri ola bilər. Marketlərin daxilində də valideynlərin rahat şəkildə alış-veriş edə bilmələri üçün belə yerlər var. Eyni şeyi niyə məscidlərdə etməyək? Bu, çətindirmi?”

Tacxeber.com xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış ilahiyyatçı Elşad Miri deyib.

O, bildirib ki, dünya ölkələrində də belə təcrübə var:

“Bosniya və Herseqovinada olarkən öz gözümlə gördüklərimi 7 il əvvəl də demişəm. Orda məscidin yanında həqiqətən sauna və buxar otağı var idi. İnsanlar qüslunu, dəstəmazını alır, çimir, gedib rahatlıqla namazlarını qılırdılar. Böyük Britaniyada da üçmərtəbəli yer məscid kimi istifadə olunurdu. Birinci mərtəbəsində çimib, dəstəmaz ala bilərdiniz, ikinci mərtəbəsində idman zalı var idi, insanlar rahat idman edirdilər. Digər tərəflərdə isə sinif otaqları var idi. Dinlə bağlı məsələləri öyrənmək istəyənlər üçün belə bir şərait yaradılmışdı. Üçüncü mərtəbə isə insanların çıxıb rahatlıqla ibadətlərini edə, “Quran” oxuya biləcəyi məscid idi. Eyni şey Belçikada da var. Belçikanın Genk şəhərində olarkən şəkillər də çəkmişəm. Bilirsiniz ki, İslam Belçikada rəsmi olaraq ikinci dindir. Dövlət kilsələrə ayırdığı qədər məscidlərə də yardımlarla bağlı vəsait ayırır. Orda məsciddə çayxana da var idi. İnsanlar oturub, çay-kofe içirdilər. Başqa yerdə 1 avro ödəyirdilərsə, məsciddə 2 avro ödəyirdilər ki, məscidə xeyir versinlər. Orda da sinif otaqları var idi. Bu gün Türkiyədə Sultan Əhməd məscidinin yanında başqa bir kompleks var. Orda da həm dərs yerləri, həm də yataqxana yerləşir. Orta məktəbi yataqxanalı məktəbdə oxumuşdum. Həmin məktəbin də hamamı, futbol sahəsi, etüd və digər dərs otaqları, şahmat otağı, kitabxanası ayrı idi, namaz qılmaq üçün də zal var idi. Yataqxanadakı otaqlarda, yaxud həmin zalda namazlarımızı qılırdıq. Problem budur? Bilmirəm bunu biz fərqli şəkildə təqdim edəndə, insanlar niyə belə düşünürlər. İndi də çoxları idman zalından çıxıb gəlib Göy məsciddə, yaxud İlahiyyat məscidində ibadətlərini edirlər. Bu niyə bir qəbahət olmalıdır? Niyə yanlış anlaşılmalıdır?”

Tacxeber.com

Oxşar xəbərlər