• 22 Noyabr 2024 18:41

“Heç bir rəqibə əzilmədik, aciz qalmadıq” – Qurban Qurbanov

“İstəyimiz çox idi. Təəssüf ki, qələbə qazana bilmədik. Bunu bacara da bilərdik, az qalmışdı. Cari  mövsüm avrokuboklardakı matçlara görə futbolçularıma təşəkkür edirəm. Oyunlarımızın hamısında yaxşı mübarizə, inam gördüm. Azərbaycanda futbola maraq olan, oyunların hər gün, hər saniyə gözləndiyi bir il oldu. Restoranlarda böyük monitorlarda oyunlarımıza baxıldığını eşidirdik. Ümumi bir futbol ili oldu. Bütün azərbaycanlılara təşəkkür edirəm”. 

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda evdə “Frayburq”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Başda mən olmaqla hər birimiz xalqımızı düşündük. Çalışdıq ki, onları sevindirək, yaxşı oyun göstərək. Nə qədər alınıb-alınmadığını deyə bilmərəm. Mən komandamdan çox razı qaldım. Qarşıda istirahət üçün vaxıtmız da yoxdur. 2-3 gündən bir oynamalıyıq. Futbolçular çox yorğundurlar. Bu il futbolun dadını tam hiss etdik.  Bu il bizim və Azərbaycan futbolu üçün böyük təcrübə oldu” – deyə o bildirib.

Mütəxəssis “Frayburq”la oyundakı hakimlik barədə bunları söyləyib: “Həmin epizodda bəlkə də oyundan kənar vəziyyət var idi. Amma ondan əvvəl Yankoviçin ayağına zərbə dəymişdi. Ofsaydı göstərmirlər, xətt çəkilmir. Penalti epizoduna da baxılmadı. Bilmirəm, hakimlər barədə danışmağın faydası var, ya yox. İndi VAR sistemi daha ön plandadır. Nə istəyirlər, edirlər. Bəlkə özlərinə sərf etdikləri kimi qərarlar qəbul olunur. Bütün oyunlarda xətt qoyulursa, burada da göstərilməlidir. Hamıya eyni gözlə baxılmalıdır. Nəticəyə nə qədər təsir etdiyini deyə bilmərəm. Qol sayılsaydı, komanda daha istəkli olardı. Bəlkə, qırmızı vərəqə də almazdıq. Bu hallar da futbolun sevilən tərəflərindəndir. 10 nəfərlə qol vurmaq, mübarizə və s. Çox danışmaq olar. Nə qədər təsir etdiyini bilmirəm. Görünən odur ki, qərar nəticəyə təsir etdi”.

Q.Qurbanov kobud oynamamaqla bağlı futbolçularla söhbət etdiklərini vurğulayıb: “Hər oyundan sonra futbolçulara bu barədə xəbərdarlıq edirik. Bəhlul və Kevin o epizodlara görə daha diqqətli olmalıdır. Bu turnirdə sürət tam başqadır. Çempionatımızda belə sürət nadir hallarda olur. Əlbəttə ki, daha soyuqqanlı olmaq lazımdır. Oyundan əvvəl hamıya tapşırmışdım ki, aqressiv olmalıyıq. İlk dəqiqələrdəki aqressiyanı sona qədər davam etdirdik. Bundan razıyam”.

“Qarabağ”ın baş məşqçisi ictimaiyyət arasında Konfrans Liqasının perspektiv baxımından Avropa Liqasından daha yaxşı olması ilə bağlı fikirlər səsləndirilməsinə belə münasibət bildirib: “Biz istəmişik ki, şansımızdan istifadə edək. Çempionlar Liqasının qrupunu istəyirdik. Avropa Liqasında davam etməyi düşünürdük. Bunun üçün mübarizə apardıq, il boyu çalışdıq. İstənilən rəqibə qarşı yaxşı oyun göstərmək istəyirdik. Əminəm ki, bunu bacardıq. Nəticə belə oldu. Düzgün, vicdanla işləmək borcumuzdur. Bunu edirik. Nəticə bu oldusa, razılaşmalıyıq. Gələn il də avrokubok həyəcanı yaşayacağıq. İstəyimiz 2-ci yeri tutmaq, Avropa Liqasında davam etmək idi. Alınmadı. Bunun üçün meydanda maksimum gücümüzü qoyduq. Çox da təəssüflənmirəm. Heç bir rəqibə əzilmədik, aciz qalmadıq. Əksinə onların üzərinə getməyə çalışdıq. Elə oyunlar oldu ki, böyük risklər etdik. Böyük hesablı məğlubiyyətləri də gözə alırdıq. Hər şey heç də pis getmədi. Futbolçularımız çəkinmədi. İnanıram ki, bunun əvəzi nə vaxtsa veriləcək”.

O, daha sonra deyib: “Üstünlüyü çox da rəqibə vermədik. Qarşımızdakı komandanı düzgün qiymətləndirməliyik. Baxmalıyıq ki, hansı çempionatdan gəlib, hansı təcrübədədir. Nadir hallarda bir komanda 90 dəqiqə dominantlıq edir. Belə bir şey yoxdur. Qarşımızda böyük beşlik liqası komandası idi. Bundesliqada 3-cüdür. Rəqib ciddidir. Heç nədən penalti oldu. Bəzi epizodlarda onların gücü tam istədiyimiz hücumların alınmasına imkan vermədi”.

Q.Qurbanov iki tur əvvəldən Konfrans Liqasının pley-offuna vəsiqə təmin etmələrinin növbəti matçlara təsiri olub-olmadığı ilə bağlı söyləyib:” Bilmirəm, nə qədər təsiri oldu. Amma oyunlarımıza baxanda rahatlıq görünmədi. Əksinə, hər iki matçda qələbə qazanmağa çalışdıq. Ola bilər, rəqiblər daha ciddi oldular. Bizim üçün nəticə və oyun baxımından ciddi təsir olmadı”.

Tacxeber.com

Oxşar xəbərlər