Avropanın yeraltı qaz anbarlarında mavi yanacaq ehtiyatlarının səviyyəsi 95 faizi ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gas Infrastructure Europe assosiasiyasının məlumatında deyilir.
Noyabrın 2-nə olan məlumata görə, Avropa anbarlarında qaz ehtiyatı 95,02 faizə yüksəlib ki, bu da son beş ildə bu dövr üçün orta göstəricidən 6 faiz çoxdur. Hazırda qitənin yeraltı anbarlarında 102,6 milyard kubmetr qaz var. Avropanın qaz anbarlarının maksimal tutumu 107,7 milyard kubmetrdir. Noyabr ayında anbarların orta sutkalıq doldurulma tempi 0,19 faiz təşkil edib.
Portuqaliya, Belçika və Fransada qaz anbarları 100 faiz dolub. Almaniyada bu göstərici 99,3 faiz, Danimarkada 98,86 faiz, Polşada 98,85 faiz, Rumıniyada 97,02 faiz, İtaliyada 95,44 faiz, İspaniyada 94,85 faiz, İsveçdə 92,94 faiz, Niderlandda 91,93 faizdir. Ən aşağı göstəriciyə malik beş Avropa ölkəsinə isə Avstriya (93,3 faiz), Slovakiya (91,64 faiz), Bolqarıstan (90,71 faiz), Macarıstan (85,82 faiz) və Latviya (57,91 faiz) aiddir.
Anbarların doldurulması, əsasən maye qaz və alternativ qaz kəməri ilə yüksək qiymətə tədarüklər hesabına həyata keçirilir. Belə ki, oktyabr ayında Avropada qazın orta qiyməti min kubmetr üçün təxminən 1382 dollar təşkil edib. Avropa İttifaqında qaz ehtiyatlarının maksimuma yaxınlaşması, oktyabr ayına xas olmayan isti hava şəraiti və elektrik enerjisi istehsalında külək generasiyasının payının xeyli artması mavi yanacağı qiymətinin xeyli ucuzlaşmasına səbəb olub. Noyabrda isə regionda temperaturun aşağı düşməsi ilə qazın qiyməti yenidən bahalaşmağa başlayıb.