• 23 Noyabr 2024 01:10

“Mən 30 ildən çoxdur, erməni üzü görmürəm” – Baba Vəziroğlu

“Mən 30 ildən çoxdur, erməni üzü görmürəm” - Baba Vəziroğlu

Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu ermənilərlə azərbaycanlılar arasında sülh barədə danışarkən səsləndirdiyi “ölkə sərhədlərindən kənarda ermənilərlə görüşürük, oturub 50 qram araq da vururuq” ifadəsi müzakirələrə səbəb olub.

Tacxeber.com xəbər verir ki, B.Vəziroğlu Pravda.az-a müsahibəsində həmin fikirlərinə aydınlıq gətirib.

“Mən yumorlu, Mirzə Cəlil məktəbi bitirmiş adamam. Necə ki bundan əvvəl “203 min manatla marketə girirəm, çıxanda cibimdə bir qəpik qalmır” demişdim, bunu da real qəbul etmişdilər. Belə şeyi necə real qəbul etmək olar? Bütün bunlar ironiya idi, zarafatla demişdim.  Deyirlər, Baba Vəziroğlunun gör nə qədər pulu var ki, bu boyda məbləğlə marketə girib-çıxır. Ancaq anormal adam belə fikirləşə bilər. Mən ölkə kənarında ermənini harda görürəm ki, onunla 50 qram araq da vuram? Heç yerə getmirəm. 30 ildə getdiyim yer Türkiyə, Norveç, Şuşa, bir də İsmayıllı olub. Sonuncu dəfə Türkiyəyə getmişəm, türk dostlarımla oturub rakı içmişəm. Norveçdə, ümumiyyətlə, erməni yoxdur. İsmayıllıdan da ermənilər 1988-ci ildə köçüb, cəhənnəm olub gediblər. Erməni tayfasına, sözün açığı, dünyanın düz vaxtı rəğbətim olmayıb. Heç Moskvada oxuyanda onlarla 50 qram vurmamışam. O vaxt heç bizə düşmən deyildilər. Sadəcə, ermənilərlə münasibət qurmaq ürəyimə yatmırdı, hiyləgər, riyakardırlar. Ermənilərdənsə ruslarla daha yaxşı 50 qram vururdum. Mətbuat işçiləri qələm dostlarımızdır, amma bəzən elə sözdən yapışırlar… Bir araşdırın ki, Baba Vəziroğlu niyə bu sözü deyib? 30 ildən çoxdur, erməni üzü görmürəm, harda vurdum bunlarla? 50 qram vurmağa adam, Azərbaycanda yazıçı yoxdur məgər? İçmək həvəskarı da deyiləm ki hər şeyi 50 qramla ölçəm. Yəni demək istəmişəm ki, reallığı bilin. Onsuz da sir deyil, bizimkilər ölkə sərhədlərindən kənarda ermənilərlə, hətta iş birliyi edirlər. Rusiyada, təxminən, üç milyon erməni varsa, üç milyon da bizimkilərdir. İş birliyi edirlər, axşam da oturub 50 qram yox, lap 500 qram vururlar. Qəbul edin ki, nə bizim, nə ermənilərin sülhə gəlməkdən başqa yolumuz yoxdur. Allaha inanan adamlarıqsa, bilirik ki, ermənini də, bizi də Allah yaradıb. Mən onları “tayfa” adlandırıram”, – o deyib.

B.Vəziroğlu vurğulayıb ki, böyük həqiqətdir, xalqlar düşmən ola bilməz, amma idealogiyalar düşmən olur: “Erməni idealogiyası xəstədir. Bütün bədbəxt erməni xalqı da bu xəstəliyə yoluxdu. Xalqı sağaltmaq lazımdır, sağalmaq üçün isə kontaktlar olmalıdır. Ermənilərin içində az da olsa, adekvat, sağlam düşüncəli, Bakı üçün darıxan, bizi çox yaxşı xatırlayan, xalqımızı yüksək qiymətləndirən ermənilər var. Dörd tərəf qonşuları ilə düşməndirlər. Təkcə İrandır, o da bizdən acıq çıxmaq üçün guya erməni ilə dostluq edir. Bəylə bostan əkənin tağı çiynindədir. İran müvəqqəti “şirinquş” verir, erməni də elə bilir, İran böyük dostdur. O bədbəxt xalqı oyatmaq lazımdır ki, bu idealogiya ilə sizi çapıb-talayırlar. Prezidentimiz, din xadimlərimiz, diplomatlarımız başa salır, mədəniyyət xadimlərimiz susub-otursun? Dəfələrlə demişəm, insan ömrü nə qədər ki? 70, 80, lap 100 il… Adam kimi yaşayın də, nə qədər xəstə xəyallarla yaşayacaqsınız? Ürəyimizin genişliyidir ki, sizi sülhə çağırırıq. Sülhə gəlin, ay bədbəxtlər, yoxsa qırılıb qurtaracaqsınız, it həyatı sürəcəksiniz. Bunu erməniyə rus başa salmayacaq ki… Xalq diplomatiyası yolu ilə mədəniyyət xadimlərini də görüşdürmək lazımdır. Niyə görüşməyək? Həmişə qalib tərəf bağışlayan olur. Əlbəttə ki, əlləri övladlarımızın, əhalimizin qanına batmış ermənilər mühakimə olunmalıdırlar. Bu, aydın məsələdir”.

O bildirib ki, həqiqət həmişə hamı tərəfindən qəbul olunmaya bilir: “Zen fəlsəfəsinə görə, insan həqiqəti birdən-birə dərk edir. Mən də hamıya arzulayıram ki, bu həqiqəti dərk, reallığı qəbul etsinlər. Biz qalib ölkəyik və cənab Prezidentin ətrafında birləşmişik. Cənab Prezidentin də siyasəti budur ki, torpaqlarımız azaddır və ermənilərə sülh təklif edirik. Əbədi düşmənçilik ola bilməz. Nə bədnam qonşularımız, nə də biz Marsa uçub gedən deyilik. Bu qonşuluğa məhkumuq. Ermənilərin törətdikləri cinayətlərə baxmayaraq, bütün dünyaya bildiririk ki, heç bir qonşu dövlətin ərazisində, mədəniyyətində gözümüz yoxdur, sülh istəyirik. Loru dildə desək, “səninki səndə, mənimki məndə”, demirik, qardaş olaq, sadəcə mehriban qonşuluq olsun. Mən müsahibəmdə bunu demişəm. Xalq diplomatiyası deyilən bir şey var. Ən faciəvi günlərimizdə xalq diplomatiyası həyata keçirilib. Vaxtilə Fərhad Bədəlbəyli, Kamal Abdulla zəbt olunmuş Xankəndinə gedib ermənilərin separatçı rəhbərləri ilə görüşdülər, İrəvanda əlləri uşaqlarımızın qanına batmış Sarkisyana əl vermədilər? Mən nə demişəm? Demişəm ki, ay balam, sülhə getmək üçün əməli iş görmək lazımdır. Prezidentlərimiz, xarici işlər nazirlərimiz, diplomatlarımız müntəzəm görüşlər aparırlarsa, bəs biz mədəniyyət xadimlərinin xidməti nədir sülhün bərqərar olması üçün?”

Tacxeber.com

Oxşar xəbərlər