• 23 Noyabr 2024 01:11

Natiq Cəfərli: ““Şahdağ Turizm Mərkəzi” niyə hər il büdcədən dotasiya almalıdır ki?!”

““Şahdağ Turizm Mərkəzi” QSC-yə 2023-cü ilin dövlət büdcəsindən 56 milyon manat dotasiya ayrılacaq, kompleks fəaliyyətə başlayandan bu günə hər il büdcədən dotasi alıb. Kompleksin tikintisi isə təqribən, 2 milyard dollara başa gəlib, ölkə tarixində ən rentabelsiz, büdcəyə yük olan layihələrdən biridir”.

Tacxeber.com-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli qeyd edib ki, “Şahdağ Turizm Mərkəzi”nin idarəetməsi Andorrada qeydiyatdan keçmiş PGI Management (Pas Grau Internacional Management) şirkətindədir, 1957-ci ildən fəaliyyət göstərir: ““PGI Management” şirkəti Ərzurumda (Grand Erzurum), Fransada (Gavarnie-Gèdre), Argentinada (El Calafate), Qazaxstanda (Çimbulak) fəaliyyət göstərir, kurortların idarəedilməsində iştirak edir, amma nə Türkiyə, nə Fransa, nə Argentina, nə də Qazaxstan büdcəsindən dotasiya almırlar. Yaxşı, dövlət vəsaiti ilə tikilmiş, Mədəniyyət Nazirliyinin nəznində olan “Şahdağ Turizm Mərkəzi” niyə hər il büdcədən dotasiya almalıdır ki?! Yaxşı, dövlət niyə “Şahdağ Turizm Mərkəzi”nin otellərinə dotasiya verir, amma, məsələn, yaxınlıqda fəaliyyət göstərən başqa özəl otellərə pul ayırmır?! Bəs ədalətli rəqabət harda qaldı?! “Şahdağ Turizm Mərkəzi”nin otelləri ziyanla işləyirsə, bunun səbəblərini araşdıran olubmu?! Bəlkə elə xərcləri azaltmaq lazımdır, çünki qiymətlər bahadır, otellər dolu olur, bəs ziyan harda yaranır?! Bəlkə elə xərcləri şişirtməklə mənimsəmə baş verir, korrupsiya bəlkə əsas səbəb korrupsiyadır?! Bir daha qeyd etmək lazımdır ki, dövlət biznesdə ən pis menecerdir, nə vaxt birbaşa biznesdə iştirak edirsə, zayını çıxarır, dövlətin iqtisadiyyatda əsas işi ədalətli hakim olmaq və əlində olan vergi-gömrük alətləri, güzəştli kredit faizləri ilə ağıllı müdaxilələr etməklə tənzimləyici rolunda çıxış etməkdir… Dövlət Turizm Agentliyindən zəng etdilər, bəzi məlumatlar verdilər, operativ reaksiya üçün təşəkkür edirəm, dedilər ki, 56 milyon manat ölkə üzrə bütün dotasiyaların dəyəridir, “Şahdağ Turizm Mərkəzi” QSC-yə isə 12 milyon manat ayrılır 2023-cü ildə…”

Tacxeber.com

Oxşar xəbərlər