Son günlər mətbuatda Naxçıvan Muxtar Respublikasının statusunun ləğv olunması ilə yazıların dərc olunması Azərbaycanda gedən erməni təbliğatı işindən və onların dəyirmanına su tökən bir qrup insanın təxəllüyündən başqa bir şey deyil.
Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Şərqi Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin imzalanması və digər vacib məslələrlə bağlı iş gördüyü vaxtda belə bir mövzunun ortaya atılması doğru deyil:
“Bunu edənlər erməni və Fransa dəyirmanına su tökən, suyu bulandıran şəxslərdir. Həmin qüvvələrə qarşı kəskin mövqe ortaya qoyulmalıdır. Qars müqaviləsində Naxçıvanın statusu müəyyən olunub və 5 ölkə Naxçıvanın təhlükəsizliyinə zəmanət verib. Statusu götürməklə nə güdür və düşünürlər? Bununla hansı azərbaycançılıq və millətçilikdən danışmaq olar? Status nə etnik, nə də millidir, sadəcə, siyasidir. Naxçıvan Azərbaycandan ayrı düşdüyündən idarəetmə mexanizminin yüngülləşdirilməsi üçün muxtar status verilib. Dünya təcrübəsində də belə faktlar var. Hər iş bitib, bircə Naxçıvanın statusunun ləğvi qalıb. Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olanda da AXCP-Müsavat cütlüyü Naxçıvanın statusunun ləğv edilməsinə və Ermənistana təhvil verilməsinə cəhd göstərdi. Lakin ümummilli lider bunun qarşısını aldı və Qars müqaviləsinə yenidən baxıldı. Bütün bunların bu gün gündəmə gəlməsi həmin cütlüyün tör-töküntüsünün işidir. Milli Məclisin hər bir deputatı bu məsələyə mövqe bildirməlidir. Əgər status ləğv olunacaqsa, referendum keçirilməlidir. Prezident də referendum təyin edilə bilər. Beynəlxalq müqavilə daxili qanunlardan üstündür. İllərdir blokada şəraitində yaşayan və inkişaf edən Naxçıvana qarşı aparılan belə təxribatlara son qoyulmalıdır. Çünki Naxçıvanın statusu yerindədir. Bunu Heydər Əliyev də təsdiqləyib. Başqaları da suyu bulandırmasın”.
Spiker Sahibə Qafarova isə vurğulayıb ki, Naxçıvanın statusuna heç kimin şübhəsi yoxdur və mətbuatda çox şey yazıla bilər.