Ötən gün Yazıçılar Birliyinin qurultayı barədə danışan yazıçı Əkrəm Əylislinin qalmaqallı fikirləri müzakirələrə səbəb oldu. Onun sözügedən qurultayı saxtakarlıq adlandırması və şair Ramiz Rövşəni təhqir etməsi xeyli söz-söhbətə səbəb oldu.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq şairi Vahid Əziz həmin qurultayda bir sıra təkliflər irəli sürdüyünü bildirib:
“Həmin qurultayda mən də çıxış etdim. Orada konkret təkliflər verdim. Onlardan biri də yazıçılara, şairlərə müəyyən qonorar verilməsi, kitabını çap etməsi üçün dövlət tərəfindən yardım göstərilməsidir. Bildirdim ki, yazıçı, şair Azərbaycan mədəniyyətini inkişaf etdirmək üçün cibindən pul verib kitab çap etdirməlidir, amma adamlarda imkan yoxdur. Niyə biz cavan yazıçıları indidən qapı döyməyə, dilənçiliyə öyrədirik? Mənə elə gəlir ki, dövlət nəşriyyatlardan birinə pul ayırmalıdır. Sovet vaxtında olduğu kimi bədii şura yaradılmalıdır. Yazıçı aparıb əsərini təqdim etsin, oxusunlar, əgər lazımlıdırsa, tərbiyəvi əhəmiyyəti varsa, onu çap etsinlər, yazıçının da qonorarını versinlər”.
Şair bu gün ədəbiyyat adamlarının bir-biri ilə “müharibəsinin” qələmi hörmətdən saldığını qeyd edib:
“Heç kəs qurultayda etdiyim təkliflərin adını çəkmir, amma başlayıblar bir-birini didməyə. Mən orada söz demişəm. Bunlara lazımdır ki, ara qarışdırsınlar, dava salsınlar. Bəsdir, belə olmaz. Erməni yaddan çıxıb, başlamışıq bir-birimizi qırmağa. Bu gün bunu edənlərin məqsədi birbaşa qələmi hörmətdən salmaqdır. Əgər millətin yazıçısını gözdən salırlarsa, bu çox xatalı bir şeydir. Azərbaycan dövləti 44 günlük müharibədə qələbə çaldı, böyük təntənə ilə bir neçə gün sonra Zəfər bayramını qeyd edəcəyik. Xalq bu qədər irəliləyir. Erməni yaddan çıxıb, biz yazıçılar başlamışıq bir-birimizi qırmağa. Bütün bu oyunlar kimlərinsə qurmasıdır. Məqsəd Azərbaycanda qələmi hörmətdən salmaqdır. Müəllimi hörmətdən salmışıq, həkimi salmışıq, indi də qələmi salırıq. Xalqın qələmi hörmətdən düşərsə, xalq özü də hörmətdən düşər. Belə etmək olmaz.
Bir-birimizi didirik. Qələbədən, müharibədən əsər yazmaq lazımdır. Mən öz işimi gördüm, 44 günlük müharibədən sonra “Paramparça illər” adlı kitabımı çap etdim, qoydum ortaya ki, bunu mən etmişəm. Ədəbiyyatla məşğul olmaq lazımdır, yazıçı yazıçılığını etməlidir. Demaqoqluqla məşğul olmamalıdır, ara qarışdırmamalıdır, oturub əsərini yazmalıdır.
O ki, qaldı Əkrəm Əylisli ilə Ramiz Rövşən qalmaqalına, hər iksi də sıradan insan deyillər. Nə Ramiz Rövşən sıradan bir şairdir, nə də Əkrəm Əylisli sıradan yazıçıdır. İksinin də ədəbiyyata xidmətləri var və çox böyük yazıçı, şairdir. Gəlin, bir-birimizi təhqir etməyək, bir-birimizə hörmətlə yanaşaq. Təhqirə keçmək olmaz”.