Tacxeber.com-ın məlumatına görə, bunu “köhlən atlar”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olmuş Fransanın “Nant” komandasının futbolçusu Mussa Sissoko klubun rəsmi saytına müsahibəsində deyib.
33 yaşlı yarımmüdafiəçi G qrupunu yaxşı pillədə başa vurmaq istədikləri və buna nail olduqlarını xatırladıb: “Frayburq” “Qarabağ”a qarşı sonadək oynadı və artıq öz işimizi görməli idik. Böyük sevinc yaşadıq. Ümid edirəm ki, bu, bizə daha çox inam verəcək”.
Fransalı təcrübəli oyunçu heyətdə gənclərin çoxluq təşkil etdiyini söyləyib: “Nailiyyətdən zövq alırıq. Şəhər uzun müddət klubun avrokuboklarda çıxışını gözləyib”.
Qeyd edək ki, VI turda Almaniyanın “Frayburq” komandası ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi Avropa Liqası ilə vidalaşıb. Ölkə çempionu UEFA Konfrans Liqasının pley-offunda mübarizə aparacaq.