• 16 Sentyabr 2024 23:50

Əli İnsanovun müavini: “Çox qəribədir, heç qəribə də deyil”

“Çox qəribədir. Heç qəribə də deyil. Heyranedicidir. 30 il siyasətdəyəm və “böyük iddia sahibiyəm” deyən siyasilər niyə bu dərəcədə bəsitdirlər. Bir partiya, konkret halda təmsil olunduğum Haqq Ədalət Partiyası haqlı, əsaslı olaraq düşmənlərin (Rusiya, İran, Ermənistan, Fransa, PKK) dövlətimizin əleyhinə əlbir olduğunu, dövlətimizin bu durumda daha da güclü olmasının vacibliyini, konkret Qarabağ probleminin ədalətli həlli və dövlət təhlükəsizliyimizin təmini üçun siyasi konsalidasiyanı vacibliyini dərk edərək tarixi əhəmiyyətli və siyasi cəsarət tələb edən qərar verir: – sadalanan faktorları nəzərə alaraq HƏP mövcud reallıqda prezident İlham Əliyevin xarici siyasət kursunu dəstəklədiyini bəyan edir. Bu andaca həmin düşərgə çox sadə, anlaşıqlı dildə elan olunan qərarı gözdən salmaq, qaralamaq, vərdiş etdikləri qütbləsməni daha da dərinləşdirməyə xidmət edən qarayaxmalardan çəkinmirlər”.

Tacxeber.com-ın xəbərinə görə, bunu Haqq Ədalət Partiyasının sədr müavini Zəlimxan Məmmədli bildirib.

“Qərardan spekulyativ nəticələr çıxararaq qara propaqandaya baş vururlar. Təəssüf ki, bu prosesə özlərini siyasi lider hesab edənlər də qoşulur və bu prosesdə öndərlik edirlər. Uğursuz yoldur! Əfəndilər, bir az durun, düşünün, bu gedişlə gözəl gələcəyi qura bilməyəcəksiniz! Sadəcə, yeniləşə, dəyişə bilmirlər. Çox təəssüflər olsun. Haqq Ədalət Partiyası bundan sonra da milli və dövlət maraqlarımızın yanında olacaq, firqə maraqlarını heç vaxt milli maraqlardan önə daşımayacaq, heç bir separatçılıqda yer almayacaq, siyasi qərarlarını hər zaman müttəfiqləri və millətimizlə  şəffaf şəkildə bölüşəcəkdir. Unutmamalıyıq ki, millətimizin rifah halının yaxşılaşmasının, dövlətimizin tam suverenliyə, bütövlüyə və demokratiyaya qovuşmasının ən ideal yolu ölkəici siyasi uzlaşmadan, milli birlikdən keçir. Tanrı bu yolda olanlara güc versin”.

Tacxeber.com

Oxşar xəbərlər