• 30 Dekabr 2024 21:27

“Artan qiymətlər şəhid və qazi ailələrinin büdcəsinə zərbədir” – Sevinc Orucova

“Artan qiymətlər şəhid və qazi ailələrinin büdcəsinə zərbədir” - Sevinc Orucova

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, “YAŞAT” Fondunun Himayəçilər Şurasının üzvü, 2016-cı ilin Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova ilə müsahibə:

– Sevinc xanım, siz uzun illərdir həssas təbəqə ilə işləyirsiniz. Bu gün Azərbaycanda müharibə əlilləri və şəhid ailələri ən çox hansı problemlərdən əziyyət çəkirlər?

– Uzun illərdir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olanların ailə üzvlərinə köməklik etməyə çalışırıq. Araşdırma istiqamətimiz bu yöndə olduğu üçün onların problemlərini daha dərindən öyrənə bilirik.

İşlə təmin olunma məsələsi ən çox rastlanan problemlərdən biridir. Dövlət Məşğulluq Agentliyi işə ehtiyacı olanları müxtəlif layihələrə cəlb edir. Hər ay paylaşılan statistikada neçə nəfərin məşğulluq layihələrinə cəlb olunduğu ilə bağlı açıqlama verilir. Ali təhsili olan həssas təbəqənin ailə üzvlərinin normal gəlirli işlə təmin olunması məsələsi ilə yaxından məşğul oluruq. Bizə bu məsələdə ən böyük dəstəyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi göstərir. Göstərilən səylərin bəhrəsini görəcəyimizə inanıram.

Şəhid və qazi övladlarının təhsil alması məsələsi vacibdir. Onları elə qayğı ilə əhatə etmək lazımdır ki, təhsillərində düzgün yönəlib uğur qazana bilsinlər. “Azərlotoreya” Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ölkəmizdə və ölkəmizdən kənarda təhsil alan tələbələr üçün təqaüd layihəsi tərtib edib.

– Problemlərin içərisində ən qabarıq olanı hansıdır? Sizcə, hansı problemin vaxt itirmədən həllinə ehtiyac var?

– Şəhid və qazi ailələrinin rastlaşdığı ən böyük problem mənzillə bağlıdır. Bakı və Sumqayıt ərazisində yaşayan sözügedən təbəqənin bu problemi Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi tərəfindən həll olunub. Regionlarımızda yaşayan həmin ailələr üçün ərazi ayrılmalı və mənzillər tikilməlidir. Çalışırıq ki, siyahı üzrə mənzilə ən çox ehtiyacı olan ailələrin problemi qısa zamanda həll olunsun.

– Təkliflər çoxdur, hətta şəhid ailələrinin və müharibə əlillərinin kommunal xərclərdən azad olunmasını təklif edənlər də var. Siz bu barədə nə düşünürsünüz?

– Bugün qiymətlərə nəzər yetirsək müavinətləri artırılmalıdır. Etiraf etmək lazımdır ki, gündən-günə yüksələn qiymətlər çoxuşaqlı şəhid və qazi ailələrinin büdcəsinə zərbədir. Fikrimcə, müəyyən limit olarsa həyat səviyyələri yüksələ bilər. Həmin ailələr hamıdan yaxşı yaşamağa laiqdirlər. Onlara elə qayğı göstərmək lazımdır ki, yaşam xərclərinin və problemlərinin içində itib batmasınlar.

Bütün qurumlar və nazirliklər bu məsələdə bir olmalıdır. Etdiklərini minnətlə yox sayğı və ehtiramla vəzifə borcu kimi yerinə yetirməlidirlər. Çünki qürur duyulan şəhidlərimiz bizlərçün – hər birimizin müstəqilliyi üçün can verib. Bu mənəvi borcdur və layiqincə yerinə yetirilməlidir.

– Belə bir təklif  var ki, şəhid və qazi ailələrinin problemlərini həll etmək üçün ayrıca bir dövlət qurumu yaradılsın. Bununla razısınızmı?

– Kifayət qədər qurum var. Əgər problemlərin hər birini həll edəcək qurum olacaqsa yeni qurum yaradılsın. Yox, əgər icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərən şöbələr kimi “məmur” şöbəsi olacaqsa ehtiyac yoxdur. Təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində bir neçə qurum var. Vahid əlaqələndirmə mərkəzləri, “YAŞAT” fondu yaradıldı. Bütün qurumlar vətəndaş cəmiyyəti ilə sıx işləməlidirlər. Sözügedən təbəqənin problemini özününkü kimi həll etməlidir.

Rəhbərliyə düzgün şəkildə məruzə hazırlanmalıdır. Bu məsələ köklü həll olan bir problem deyil. Narazılıqlar analiz olunub, vaxtında müdaxilə olunarsa qazilərimiz özünü yandırmaz. Sözügedən təbəqənin övladlarının dünyagörüşlü və savadlı böyüməsi üçün müxtəlif layihələr var. Əminəm ki, dövlət və cəmiyyət olaraq buna nail olacağıq.

– Regionlarda yaşayan bəzi şəhid ailələri Bakı şəhərində evlə təmin olunmalarını istəyirlər. Sizcə, bu mümkündürmü? Ümumiyyətlə, buna necə baxırsınız?

– İnsanların öz doğma yurdlarından qopmasına yaxşı münasibət bəsləmirəm. İşğaldan azad olunmuş torpaqlarımızda abadlaşdırma işləri gedir. Məcburi köçkünlər vətənlərinə dönüş edəcəklər. Azərbaycan daha güclü və inkişaf etmiş ölkəyə çevriləcək.

Vətəndaşları öz yurd-yuvalarında mənzillə təmin etmək lazımdır ki, məcburiyyət qarşısında qalıb Bakıya axın etməsinlər. Vaxtında ev tikilsə həmin ailələr Bakıda dar evə sığışmaq istəməz. Bölgələrimizdə təhsil, səhiyyə yaxşı inkişaf etdirilsə əminəm ki, onlar Bakıya gəlmək istəməzlər.

Ə.Məhəmmədoğlu

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır. 

Tacxeber.com

Oxşar xəbərlər