• 23 Noyabr 2024 04:03

“Onlar Şuşa deyə-deyə dünyasını dəyişdi, Allaha yalvarırdım ki, heç olmasa mən Şuşanı görüm”

“Onlar Şuşa deyə-deyə dünyasını dəyişdi, Allaha yalvarırdım ki, heç olmasa mən Şuşanı görüm”
“Qaytarılan hər qarış torpağıma sevinib, o torpaqları vətən edən oğullara kədərlənirəm”
“Bu gün vətən savaşında şəhid olan igidlərimizin, itkinlərimizin, qazilərimizin qisasının alındığı gündür. Bu gün Çingizin, Mübarizin, Poladın günüdür. Bu gün şəhid analarının, qəhrəman millətimin günüdür. Bu gün fəxarət günümüzdür. Təbii ki, qaytarılan hər qarış torpağıma sevinib, o torpaqları vətən edən oğullara kədərlənirəm”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, əslən Şuşalı olan Flora Kərimova deyib. O, daha sonra əlavə edib.
“Şuşa bizim üçün ağlayırdı, Şuşa bizi gözləyirdi. İndi artıq Şuşanın könlünü almışıq, o bizimlə barışıb. Cənab prezident demişdi ki, Şuşanı bərpa edəcəyik, yenidən quracağıq. Həqiqətən də bu gün o yenidənqurmanın izlərini görürük. Biz bu gün Şuşaya rahat gedib-gələ biliriksə bu günümüzə şükür etməliyik. Hər dəqiqəmə görə bir nigaranlıq içərisində idim, deyirdim ki, heç olmasa Şuşanın bir məhəlləsini görüm. Nənəm, anam Şuşa deyə-deyə dünyasını dəyişdi. Anam deyirdi ki, ay qızım Şuşaya gedək. Elə anlar var ki, insan özünə bağışlamır. Hardan biləydim ki, bu dərdə düşəcəyik. Şuşada Azərbaycanın inciləri var idi. Allaha qurban olum, elə bil seçib yığmışdı. Bu sərvətin qədrini bilmirdik. Ağlımıza gəlmirdi ki, buna kimsə şərik olar, əlimizdən alar. Elə arxayın idik, elə geniş ürəkli idik, elə süfrəmizin başında oturdurduq. Havasına doymadığım, suyuna susadığımdır Şuşa” deyə sənətkar bildirib.
Xalq artisti illər sonra Şuşaya etdiyi səfərdən də danışıb.
““Xarıbülbül” musiqi festivalında ilk dəfə Şuşaya getdim. Baba ocağım, ana yurdumu, viran qalmış evimizi, məhəlləmizi gördüm. Xurşudbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət etdim. O illər yadıma düşdü, kövrəldim, sevindim, uşaq kimi haldan-hala düşdüm” deyə sənətkar bildirib.

Tacxeber.com

Oxşar xəbərlər