Noyabrın 10-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın və könüllülərin iştirakı ilə növbəti sahilyanı təmizlik aksiyası keçirilib.
IDEA-dan verilən məlumata görə, “Sahillər təmiz qalsın” şüarı altında keçirilən aksiya Bakının Bilgəh çimərliyi ərazisində təşkil edilib. İməcilik zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları ərazini külli miqdarda tullantıdan, xüsusən də davamlı zərərə səbəb olan plastik tullantılardan təmizləyiblər.
Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları dənizətrafı mühitin mühafizəsi uğrunda səylərə cəlb etməkdir.
Qeyd edilməlidir ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsi və bərpa edilməsinə yönəlmiş müntəzəm tədbirlər təşkil edir.
IDEA İctimai Birliyi hamını bir daha Planetimizin qarşılaşdığı çoxsaylı problemlərin həlli, indiki və gələcək nəsillərin rifahı naminə birləşməyə və hərəkətə keçməyə, təbiətin bizə bəxş etdiyi nemətlərə həssas yanaşmağa çağırır.