• 06 Noyabr 2024 18:15

Əli Əliyev sirləri açdı: “Təcridxana rəhbərliyi ilə müqavilə bağlamışdım ki…”

Sabunçu rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin məhkəməsi davam edir. Noyabrın 11-də keçirilən prosesdə Əli Əliyev 2 vəsatətlə çıxış edib. Vəsatətlərdən biri İstintaq Təcridxanasındakı 10 saylı korpusda saxlandığı müddətdə evdən göndərilən sovqatların siyahısının məhkəməyə təqdim olunması ilə bağlı olub. Əli Əliyev iddia edir ki, hazırda zərərçəkmiş kimi tanınan Zabit Nəzərovla eyni kamerada yaşadığı müddətdə kamera yoldaşları ona evdən gələn sovqatlarla dolanıb. 2-ci vəsatətində isə Əli Əliyev 47-ci kamerada saxlanılan məhkumlar Elçin Abbasovla Xəlilhüseyn Həsənovun məhkəməyə əlavə şahid qismində gətirilməsini xahiş edib. Hakim vəsatətlərin heç birini təmin etməyib. Məhkəmə Əli Əliyevin ifadə verməsi ilə davam etdirilib. O, məhkəməyə bildirib ki, qısa müddətdə dördüncü məhkəməsidir. Bu məhkəmələrin hamısı onun siyasi fəaliyyətiylə bağlıdır. Siyasi hakimiyyət onu siyasi arenada zərərsizləşdirmək məqsədilə cəmiyyətdən və ictimaiyyətdən təcrid vəziyyətdə saxlamaq qərarına gəlib. Buna görə DSX, DTX, ölkənin prokurorluq, məhkəmə, saxta rəylər vermiş ekspertiza qurumları ona qarşı birləşib. Əli Əliyevin sözlərinə görə, ona qarşı qurulmuş hazırkı qurama cinayət işində narkotik ticarətçilərindən və dələduzlardan istifadə olunub. 4-cü dəfədir ki, mühakimə olunan Əli Əliyev deyib ki, bu ilin yanvarında Yasamal məhkəməsi barəsində hökm çıxarandan sonra saxlandığı Bakı İstintaq Təcridxanasının rəhbərliyi ona cəzası başa çatanadək təsərrüfat işçisi kimi təcridxanada qalmasını təklif edib. O da təklifi qəbul edib və kitabxana işçisi kimi rəhbərliklə müqavilə bağlayıb. Bundan sonra əvvəlcə 10-cu korpusun 47, sonra 4-cü kamerasına köçürülüb. Orada məlum ona olub ki, narkotikə görə 4 dəfə məhkum edilmiş narkoticarətçi və 149 nəfəri aldatmış keçmiş yol polis işçisi ilə eyni kamerada yaşamalı olacaq.

Əli Əliyev deyib ki, 4-cü kamerada qaldığı müddətdə onun kiminsə otaq yığışdırmasına ehtiyacı olmayıb:

“Mən o kameraya evdən hər ay 250-300 manatlıq ərzaq, şirniyyat, təmizləyici vasitələr gətizdirmişəm, bu da (zərərçəkmiş) daxil olmaqla özümdən başqa üç dustağı yeməklə təmin etmişəm. Mən sizdən sovqat siyahısının məhkəməyə gətirilməsini ona görə istədim ki, görəsiniz ki, mənim kiminsə otaq yığışdırmasına ehtiyacım olmayıb. Hamı bilir ki, həbsxanalarda “şustryak” statuslu məhbuslar var. 2-5 manat arası məbləğə otaq da yığışdırırlar, qab da yuyurlar. Mən də aylıq belə statuslu məhbuslardan birinə 150-170 manat verib otağı yığışdırtdırmışam. Buna görə niyə kiminsə başına banka vurmalıydım ki?…”

Əli Əliyev ifadəsinə davam edərək bildirib ki, Zabit Nəzərov hər gün kamradan çıxıb yük daşımağa gedir, sonra kameraya qayıdırmış. Avqustun 23-də də səhər o başdan kameradan çıxan Zabit Nəzərov 10.30 radələrində geri qayıdıb. Zabit Nəzərovun kameraya ərzaqla dolu sellofan torbayla qayıtması həmin vaxt divanda uzanaraq televizora baxan Əli Əliyevi təəccübləndirib. O, məhkəmədə iddia edib ki, kamera yoldaşı ilk dəfəymiş kameraya əlidolu gəlirmiş:

“Torbada kartof, soğan, kolbasa, toyuq vardı. Bir də diqqətimi boş banka çəkdi. 800 qramlıq banka idi. Torbanı masanın üstünə qoydu, həyəcanlı, gərgin idi. Bilirdim ki, Zabit Nəzərov Lənkəran MERO-nun rəsinin sürücü olduğu müddətdə sürücülük vəsiqəsi düzəltmək və sair bəhanələrlə 149 nəfərdən pul alıb, dələduzluq edib. Onlardan yalnız 9 nəfərinin şikayəti qəbul edilib, həbs olunub. Ancaq qalan 140 nəfərin şikayəti araşdırılır. Bir neçə gün əvvəl Zabit demişdi ki, araşdırmalar başa çatmaq üzrədir, vəziyyəti yaxşı olmayacaq. Mən də həmin anda düşündüm ki, gərginliyi, narahatçılığı buna görədir. Torbadakı ərzaqları masaya düzdü, bankanı da çıxartdı. Sonra digər masanın üstündəki iki boşqabı bir birinin ardıyca divara çırpıb sındırdı. Sonra da bankanı götürüb iki dəfə öz başına vurdu. Banka sınmadı. Çünki zərblə vurmağa əli gəlməmişdi. Mən reaksiya vermirdim, sakitləşməyini gözləyirdim. Birdən bankanı yerə çırpdı, sındı. Şüşə parçasını götürüb ayaqyolunun açarına tərəf gedəndə narahat oldum. Düşündüm ki, bəlkə ayaqyolunda şüşə parçasıyla damarını doğramaq fikrinə düşüb. Təcridxana işçilərini köməyə çağırmaq üçün dəhlizə çıxdım”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, dəhlizdə isə artıq hadisələrin sonunu gözləyən təcridxananın zabit heyəti toplaşıbmış. Əli Əliyev onları köməyə çağırıb. Təcridxana nəzarətçiləri kameraya girib, bir neçə işçi isə onun qoluna girib, onu da kameraya gətirib. Kameraya daxil olanda görüb ki, Zabit Nəzərov şüşə parçasıyla öz alnını cızıb. İstintaq Təcridxanasının rəis müavini Əhəd Abdıyev ona deyib ki, bunu sən etmisən.

Əli Əliyevin ifadəsindən: “Elə kameradaca qollarımı burdular, yalnız o anda anladım ki, keçmiş ədliyyə işçisi, hər gün təcridxanaya mülki geyimdə gələn, telefonlara nəzarət edən İxtiyar adlı şəxsin kamera yoldaşım Zabit Nəzərovu tez-tez yanına çağırması, dəhlizdə bir yerdə görünmələri, külli miqdarda narkotik alverinə görə dördüncü məhkumluğunu keçirən digər kamera yoldaşımın son günlər tez-tez inzibati binaya çağırılması və sair mənə qarşı bu planın hazırlanmasına görə imiş”.

Əli Əliyev deyib ki, təcridxananın inzibati binasının üçüncü mərtəbəsində ondan izahat ala bilməyib, ikinci mərtəbəyə düşürəndə təəccüblənib:

“Orada məni prokurorluğun müstəntiqi və tibbi ekspert gözləyirdi. Dedilər ki, sən gəl yaxşılıqla izahat yaz, biz də çıxıb gedək, səhərdən ac-susuz burda oturmuşuq”.

Əli Əliyev daha sonra bildirib ki, təcridxana işçiləri ona “sən vurmusan, boynuna al” deyə-deyə mənəvi-psixoloji təzyiqlər göstəriblər. Təcridxana rəhbərliyi isə onu 3 günlük karsa salıb. Karsdan çıxandan sonra qolları arxasında qandallı vəziyyətdə yenə inzibati binaya gətirilib, rəis müavinin otağında ağ xalatlı iki nəfər onun barmaqlarını şüşə bankaya sürtərək barmaq izlərini götürüblər: “Ekspertiza rəyində mənim ovuc izlərimlə bağlı heç nə yoxdur. Çünki ağıllarına gəlməyib ki, əgər mən adamı bankayla vurmuşamsa, bankanın üzərində ovuc izlərim də olmalıydı”. Əli Əlyev deyib ki, kamera yoldaşının onun üzünə durması üçün hədələyiblər: “Deyiblər, ya dediyimizi edəcəksən, ya da 140 nəfərin şikayətinin araşdırması bitir, sənə bu dəfə daha ağır maddələrlə cinayət işi açacağıq. O da çarəsiz qalaraq qəbul edib”.

Əli Əliyev ifadəsinin sonunda hakim Anar Rzayevdən siyasi oyunun bir parçası olmamasını xahiş edib və ifadəsini belə bitirib: “Əgər siyasi hakimiyyət bir siyasətçiyə qarşı narkomandan, dələduzdan istifadə edirsə, mən siyasətdən getməyə hazıram. Qoy hakimiyyət bu duruma düşməsin”.

Əli Əlyev danışdıqca məhbus-zərərçəkən Zabit Nəzərov tez-tez ona “yalan danışırsan” deyib.

Prokuror, hakim və vəkillər təqsirləndirilən şəxsə suallar veriblər.

Bundan sonra proses noyabrın 18-nə qədər təxirə salınıb. (“Yeni Müsavat”)

Tacxeber.com

 

Oxşar xəbərlər