• 22 Noyabr 2024 23:27

Azərbaycanda kişilərin 40%-i pensiya yaşına çatmamış ölür

Azərbaycanda kişilərin 40%-i pensiya yaşına çatmamış ölür

2022-ci ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda son bir il ərzində 76 min 878 nəfər vəfat edib. Rəsmi məlumata görə, vəfat edənlərin 40%-i 65 yaşından aşağı şəxslər, yəni pensiya yaşına çatmayan şəxslər olub. Pensiya yaşına çatmadan vəfat edən kişilərin sayı daha çox olub. İl ərzində vəfat edən kişilərin 47%-i və ya 21 min 339 nəfəri pensiya yaşına (65 yaş) çatmadan dünyalarını dəyişiblər.

Tacxeber.com xəbər verir ki, yəni 12 il əvvəl – 2010-cu ildə Azərbaycanda 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardı.

Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılıb.

Daha sonra kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılıb.

Nəticədə, son 12 ildə kişilərin pensiya yaşı 62-dən 65-ə, qadınların pensiya yaşı isə 57-dən 63-ə (2027-ci ildə 65 yaş olacaq) çatdırılıb.

Bəs pensiya yaşı azaldılmalıdırmı?

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı mövzu ilə bağlı bildirir ki, bu statistika pensiya sistemini tamamilə ifşa edən, biabırçı bir vəziyyəti göstərən statistikadır: “Qısaca desək, əhalinin, xüsusən də kişilərin yarıya yaxını pensiya ala bilmir. Faktiki olaraq dövlət 20-30-40 il insanlardan sosial sığorta haqqı tutur, özü üçün o pulları yığır, amma insanların yarısı o pulu ala bilmir. Bu pul batır. Bu o deməkdir ki, dövlət pensiya vermir. Qaldı ki bu pensiyaların 65-dən sonra, hətta 12 ilə bölünməsinə, əhalinin orta yaşını götürsək belə, yerdə qalan insanlar cəmi 1-2, 3-5 il pensiya ala bilir. Çox böyük əksəriyyəti, 80-90 faizinin pulu batır. Yaşı 65-ə qədər olan şəxs ölürsə, bu pul tamamilə batır”.

O bildirib ki, bəzi ölkələrdə özəl pensiya fondları var. İnsanlar o fonda pulu keçirir və özü dünyasını dəyişərsə, ailə üzvləri puldan alıb, bəhrələnir. “Çünki bunun qanuni, hüquqi puludur. Bu pulu özü üçün yığıb, dövlətin onu mənimsəməsi üçün deyil. Yəni bu pul insana çatmalıdır, ölsə də, ölməsə də, bu, insan əməyinin nəticəsidir. Özü üçün yığdığı fonddur. Onun  pulu hər variantda varislərinə, ailələrinə verilməlidir…

…Bu halda bəziləri deyir ki, dövlətə ödəməkdənsə, elə həmin pulu bankda yığar, 20-30 il ərzində faiz də üstünə gələr. İki qat pul olar. Dünyamı dəyişsəm də, bu pul ailə üzvlərimə çatar. İndiki halda isə faktiki olaraq ən azı əhalinin yarısının pulunu dövlət mənimsəyir, yəni pensiyası batır. 2010-cu ildən tətbiq olunan bu sistem tamamilə biabırçılıqdır. Bu, ləğv olunmalıdır. Normal bir sistem qurulmalıdır”.

“Təcili surətdə pensiya yaşı 60-a endirilməlidir

Sosioloq əlavə edib ki, insanların maaşlarının əhəmiyyətli bir hissəsi həm də sosial sığorta haqları üçün tutulur: “Hələ bu, təkcə işçidən tutulan deyil, müəssisələrdən tutulan da bunun üzərinə gəlməlidir. Çünki müəssisə tutulan pulu işçinin maaşına əlavə edə bilərdi. Sosial fonda ödədiyinə görə onun maaşına əlavə edə bilmir. Bu o deməkdir ki, külli miqdarda, 25 faiz həcmində insanın gəliri tutulur və sonra o pulu ala bilmir.

Yəni belə bir sistem ola bilməz. Bu, pensiya sistemi deyil. Bilmirəm, bunun adını necə demək lazımdır. Onsuz da əhalinin orta yaş həddi getdikcə azalır. Getdikcə xəstəliklər çoxalır. Bu saxta qidalar qəbul etməkdən, zəhərli, təhlükəli qidalar, təhlükəli dərmanlar, müalicə, tibbi xidmətlərin çoxunun, xüsusilə əhalinin aztəminatlı hissəsi üçün əlçatan olmaması səbəbindən insanların yaş həddi azalır. Gözlənilən ömür müddəti azalır. Bu halda hansı pensiyadan söhbət gedə bilər? Xüsusən də 65 yaşa qaldırılanda. Təcili surətdə pensiya yaşı 60-a endirilməlidir. Elə qadınlar üçün də, kişilər üçün də 60-a endirilməlidir. Yalnız bu halda pensiyadan danışmaq olar. Ətrafımızda müşahidələrlə görürük, verilən statistika  həqiqətəuyğun deyil. Misal üçün, orta ömür 74 yaş göstərilib. Ətrafımda 74 yaşlı bir nəfər belə tanımıram. İnsanların böyük əksəriyyəti 60-70 yaş arasında dünyasını dəyişir. Bu halda pensiya yaşını 65 qoymaq konkret o deməkdir ki, pensiya verilməyəcək. Xidmət müqaviləsi ilə işləyənlər var, tutaq ki, 200 manata müqavilə əsasında xidmət göstərir, təsəvvür edin, bunun aldığı pulun 200 manatının yarısı sosial sığorta və vergiyə tutulur, təqribən 50 faizi. Bu, dəhşətli bir rəqəmdir. Adam ay ərzində 200 manatlıq xidmət göstərəcək və dövlət bunun yarısını əlindən alacaq”.

Sosioloq əlavə edir ki, vergi sistemi də, sosial sığorta sistemi də dəyişilməlidir.

“Yəni dövlət 22 faiz  müəssisədən, işçinin maaşından 3 faiz tutur. Məvacibin böyük bir hissəsi, yəni 25 faizi təkcə sosial sığortaya ayrılır. İcbari tibbi sığorta var, işsizlikdən sığorta, vergi var, filan var. Bu pullar da tutulanda vətəndaşın işlədiyindən əlinə az pul qalır”.

Pensiya yaşı 65 olan ölkələr – həmin ölkələrdə insanların həyat səviyyəsi daha yüksəkdir

Millət vəkili Razi Nurullayev də mövzu ilə bağlı qeyd edib ki, pensiya yaşının aşağı salınması ilə bağlı parlamentdə ən azı üç dəfə çıxış edib: “Qəbiristanlıqlarda apardığım monitorinqin nəticəsi onu deməyə əsas verir ki, insanların daha çox hissəsi, 60-70 faizi 65 yaşına çatmadan, yəni pensiya almadan dünyasını dəyişir. Ona görə də pensiya yaşının aşağı salınmasına ehtiyac var. Buna kontur-arqument kimi bir çox mütəxəssislər, ekspertlər, hətta hökumət nümayəndələri də qeyd etdi”.

Dünyanın bir çox ölkələrində pensiya yaşı ən azı 65, bəzi ölkələrdə 68-70-dir. Amma deputat əlavə edir ki, həmin ölkələrdə insanların həyat səviyyəsi daha yüksəkdir.

“Onların tibbi xidmətlərə əlçatanlığı daha yaxşıdır. Sosial rifahı gözəldir. Ona görə də onların orta ömürlülük səviyyəsi Azərbaycandan daha yüksəkdir. Məntiqlə bu, doğru ola bilər”- deyə, o bildirib.

Deputat əlavə edib ki, Azərbaycanda da insanların sosial rifahını, yaşayışını bu həddə qaldırsaq, tibbi əlçatanlığı qaldıra bilsək, insan ömrünü 3-4 il uzada bilsək, o zaman bunu əsaslandıra, qəbul edə bilərik.

“Amma indiki halda Azərbaycanda dediyimiz şərtlər olmadığına görə biz dünya ilə yarışa girib insanların pensiya yaşı həddini yuxarı qaldırmaqla düzgün addım atmamışıq. İndi düzgün addım atmamışıq. Ola bilsin ki, bunu əsaslandıranlar doğru hesablamalar aparmayıblar. Statistikanı düzgün hesablaya bilməyiblər. Onlar Azərbaycan əhalisinin orta yaş həddini düzgün qiymətləndirə bilməyiblər ki, insanlar nə qədər uzun ömürlüdür. Statistik məlumatlar da mənim dediyimi təsdiqlədiyinə görə belə çıxır ki, bu, artıq həyəcan siqnalıdır. Pensiya yaşının aşağı salınmasına ehtiyac yaranıb”.

Tacxeber.com

Oxşar xəbərlər