• 27 İyul 2024 03:50

Şəhid ailəsi 292 minlik qaz borcuna görə MÖHLƏT İSTƏYİR

Şəhid ailəsi 292 minlik qaz borcuna görə MÖHLƏT İSTƏYİR

Vətən müharibəsi şəhidi, leytenant Şahmar Səfərovun anası Pakizə Səfərova “Azəriqaz” İstehsalat Birliyinə olan borcunun ödənilməsi ilə bağlı ona möhlət verilməsini istəyir.

Tacxeber.com-ın məlumatına görə, şəhid anası P. Səfərova Qafqazinfo-ya bildirib ki, ailəsinin Masazırda istixana təsərrüfatı var, yeddi bacı-qardaş illərdir ki, bu təsərrüfatla dolanırlar. Mart ayından bəri isə istixananın qazı kəsilib. Ananın sözlərinə görə, son iki ildə məhsullara xəstəlik düşməsi səbəbindən qaza 300 min manata yaxın borcları yaranıb: “Ötən il bu problemlə bağlı Azəriqaz İB-yə getdim. Məni qəbul elədilər, razılaşdılar ki, borcu hissə-hissə ödəsinlər. Biz də borcun 73 min manatını ödədik. Hazırda da əlimizdə 43 min manat pul var və onu ödəmək istəyirik. Lakin mart ayından bəri qaz kəsilib indi də verilməyib”.

P. Səfərova əlavə edib ki, ailə “Azəriqaz”a qalan borclarının sənədləşdirilərək qrafikə bölünüb ödənməsini istəyir: “Bu təsərrüfatdan 30-a yaxın ailə dolanır. Artıq havalar da soyumağa başlayıb. İstilik olmasa, şitillər məhv olacaq. Mən “Azəriqaz” rəhbərliyindən xahiş edirəm ki, bizə möhlət verilsin və qazın ən qısa vaxtda verilməsi təmin edilsin”.

Sayt şəhid ailəsinin problemi ilə bağlı “Azəriqaz” İB-yə müraciət edib. Qurumdan bildirilib ki, ailənin 2019-cu ildən birliyə borcu olub. O vaxtdan bəri bir neçə dəfə protokol tərtib olunub və ailə öhdəlik götürüb ki, borcu ödəyəcək: “Lakin indiyədək borcun 82 min manatı ödənib, hamısı ödənməyib. Hazırda 292 min manatdan çox borc qalıb. Bu dövlətin ixtiyarında olan məsələdir. Belə hallarda borc yüz faiz ödənməsə, qaz verilişi bərpa olunmur. Lakin ailənin şəhid ailəsi olduğu nəzərə alınıb, onlara borcun 70 fazinin ödənməsini təklif edilib. Əgər borcun 70 faizi ödənsə, qaz bərpa oluna bilər”.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü Şahmar Səfərov Vətən müharibəsində Kəlbəcər rayonu istiqamətində “Şahin-93” döyüş mövqeyi uğrunda gedən döyüşlərdə şəhid olub. Savaşın ilk günü şəhidlik zirvəsinə ucalan Şahmar Səfərovun nəşi 52 gün sonra tapılaraq ailəsinə təhvil verilib. O, döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları, “Qarabağ” ordeni ilə  təltif olunub.

Tacxeber.com

Oxşar xəbərlər