Ermənistan və İran arasında əməkdaşlığın genişlənməsi Zəngəzur dəhlizi və yaxud, bizim dediyimiz kimi, Turan dəhlizinin reallaşma imkanlarını zəiflədir.
Tacxeber.com xəbər verir ki, bu sözləri beynəlxalq məsələlər üzrə iranlı ekspert kimi təqdim edilən Ehsan Mohavedian deyib.
Ermənistanla İran arasında “hərbi və ya siyasi ittifaq” yaranması ehtimalı haqda danışan ekspert bildirib ki, Tehran İrəvanla istənilən əməkdaşlığı alqışlayır, ancaq Ermənistan müstəqil ölkədir, bu qərarı özü verməlidir.
“Birgə hərbi təlimlərin keçirilməsi və İranın hərbi təcrübəsinin Ermənistana ötürülməsi Tehran üçün arzulanan variantdır. Düşünürəm ki, biz mümkün qədər tez bir zamanda Şimal-Cənub dəhlizi proqramını tamamlamalıyıq. Təəssüf ki, İran şirkətləri bunu növbəti ilin yazına planlaşdırır. Ermənistan və İran arasında iqtisadi, hərbi və kəşfiyyat sahələrində əməkdaşlığın artması Türkiyə, Azərbaycan, İsrail və Böyük Britaniyanın Zəngəzur dəhlizi, bizim təbirimizcə desək, Turan dəhlizinin yaranması imkanlarını aşağı salır”, – o vurğulayıb.
O, erməni mediasına açıqlamasında qeyd edib ki, İrəvan və Tehran mədəni və tibbi sahədə də əlaqələri genişləndirməlidir ki, hər iki cəmiyyətdə dezinformasiyanın qarşısı alınsın:
“Misal gətirim: bildiyim qədərincə, Ermənistan mediasının Tehranda filialı yoxdur. Niyə? Amma Tehranda Azərbaycan və Türkiyə ilə qarşılıqlı əlaqədə olan xəbər agentlikləri var (Zəruri qeyd: belə bir agentlik yoxdur! – red.). Ermənistan mediası İran ictimaiyyəti ilə birbaşa danışmalıdır və regional hadisələr haqqında birinci əldən, aydın və doğru məlumat verməlidir. Və bu halda Türkiyə və Azərbaycanın verdiyi dezinformasiyanın, təbliğatın iranlılara heç bir təsiri olmayacaq. Bu barədə vaxtaşırı danışıram, amma nədənsə bu vacib məsələyə diqqət yetirilmir.