• 04 Noyabr 2024 02:39

Psixoloq: Panik atak müalicə olunmazsa, intihara apara bilər

Psixoloq: Panik atak müalicə olunmazsa, intihara apara bilər

Son dönəmlərdə panik atak şikayətləri fantastik həddə çatıb. Bu artım barədə konkret səbəblər sadalamaq isə çətindir.

Sosial şəbəkələrdə bir çox insanlar bu barədə paylaşım edirlər. Paylaşımlarda “panika oldum”, “stressə düşdüm” və s. kimi fikirlər qeyd olunur.

Bəs mütəxəssislər necə düşünürlər, bu, insan sağlamlığında ciddi fəsadlar yarada bilərmi? Xüsusilə də intihara səbəb olması, qəbul edilən dərmanların aludəçilik yaratdığı iddiaları doğrudurmu?

Ümumiyyətlə, nədən belə bir şey yaranır və insanlar bundan necə qoruna bilərlər?

Tacxeber.com xəbər verir ki, bu barədə Oxu.Az-a danışan psixoloq Fərqanə Mehmanqızı panik atak diaqnozunu psixiatr və nevroloqların qoyduqlarını bildirib.

Onun sözlərinə görə, insanlar bəzən özləri-özlərinə bu diaqnozu qoyurlar, lakin bu, düzgün hal deyil:

“Sosial şəbəkələrdə və ya insanlar öz aralarında söhbət zamanı “panik atak olmuşdum” və s. kimi ifadələr işlədirlər. Bu, emosional yanaşmadır, hər hansı narahatlığın panik atak olduğunu iddia etmək olmur. Bu, asan diaqnoz deyil və təyinatı da rahat şəkildə verilmir. Lakin son dönəmlər, xüsusilə də pandemiya dövründə bu diaqnozun qoyulduğu şəxslərin sayında ciddi artım müşahidə edilir. Bilirik ki, psixi həssas insanlar daha emosional olurlar və hər hansı situasiyadan daha tez təsirlənirlər. Yaşanan vəziyyətdən asılı olaraq insanlarda müxtəlif fobiyalar yarana bilər”.

Psixoloq qeyd edir ki, son dövrlərdə panik atakla yanaşı, somatik depressiya, ölüm fobiyası daha çox yayılıb:

“Panik atak əvvəllər qadınlar arasında daha çox rast gəlinirdisə, bu gün kişilər arasında da geniş yayılıb. Bu istiqamətdə diaqnozu psixiatr və nevroloq qoysa da, farmakoloji müalicə ilə yanaşı, psixoloji müalicə də şərtdir. Bu müalicə kompakt şəkildə aparılmazsa, pasiyentlər müsbət nəticə əldə edə bilməyəcəklər”.

F.Mehmanqızı deyir ki, bəzən insanlar bu diaqnozu ciddiyə almırlar:

“Bu elə bir diaqnozdur ki, onun müalicəsinə diqqət edilməlidir. Müalicə edilmədiyi halda insanı intihara qədər sürükləyə bilər. Çünki bu insanlarda kəskin qorxular olur. Onlar elə düşünürlər ki, bu qorxulardan qurtulmağın yeganə yolu ölümdür və intihar edirlər.

Müalicə zamanı təyin edilən dərmanların aludəçilik yaratması məsələsi isə birmənalı deyil. Bunu daha yaxşı nevroloq, psixiatr bilər. Hər hansı antidepressant asılılıq yaratmır. Lakin bütün hallarda müalicələr fərdidir və pasiyentin vəziyyətinə görə təyin edilir. Hər dərmanın təyinat miqdarı fərqlidir və həmin miqdardan artıq qəbul etmək olmaz. Bu da müalicənin pasiyentə hər hansı mənfi təsir etməsinin qarşısını alır”.

Tacxeber.com

Oxşar xəbərlər