Türkiyənin ilk ballistik raket ixracı: “Hədəflərini on metrədək dəqiqliklə vurur…”
30 ildən çoxdur Hava Hücumundan Müdafiə Sistemləri (HHMS), həmçinin orta və uzunmənzilli ballistik raketlər üzərində işləyən türkiyəli mütəxəssislər nəhayət ki, arzuolunan silah sistemlərinin kütləvi istehsalına başlayıb, hətta bu silahları artıq xarici ölkələrə də ixrac edirlər.
Bir neçə il öncə hava hücumundan müdafiə sistemləri demək olar ki, olmayan Türkiyə, dam örtüyü olmayan evi xatırladırdı. Bu ölkə havadan gələcək bütün hərbi təhlükələrə açıq idi və digər hərbi sahələrdə nə qədər inkişaf etmiş olsa da, HHM sistemləri olmadığı üçün mümkün hava hücumlarına qarşı çarəsiz qalırdı. Bunun üçün Türkiyə NATO müttəfiqi olan ölkələrdən ABŞ-a müraciət edərək, “Patriot” adlı HHMS-i istədi, ancaq ABŞ hərbi-siyasi rəhbərliyi müxtəlif bəhanələr gətirərək, bu silah sistemini Türkiyəyə verməkdən imtina etdi. HHMS barədə ciddi tələbata ehtiyac duyan Türkiyənin hərbi-siyasi rəhbərliyi bu dəfə dünyada ən güclü HHM sistemləri kimi tanınan Ruiyanın “S-400” raketlərini almaq üçün bu ölkəyə müraciət etdi. Rusiya ABŞ-dan fərqli olaraq, Türkiyənin bu istəyini rəğbətlə qarşıladı və bu silahlar Türkiyəyə ixrac edildi. ABŞ və NATO-nun bir çox ölkələri Türkiyənin Rusiyadan bu silah idxalına ciddi reaksiya göstərdi və Türkiyəyə qarşı ABŞ və Avropa İttifaqı tərəfindən hərbi və iqtisadi sanksiyalar tətbiq edilməyə başlandı. Türkiyənin illərdir almağa çalışdığı “F-35” qırıcı təyyarələri və “F-16” modernizasiya proqramı məhz bu addımdan sonra ABŞ tərəfindən ləğv edildi.
Ancaq tətbiq olunan sanskiyalar Türkiyənin HHM sistemlərini təkmilləşdirməsinin qarşısını ala bilmədi. İlk zamanlar kiçikmənzilli HHM istehsalına başlayan və bunda müvəffəqiyyət əldə edən Türkiyə milli silah şirkətləri həmin proqramı daha da inkişaf etdirərək, ortamənzilli HHM və hücum raketlərini ortaya çıxara bildi. Kiçik mənzilə sahib “Korkut”, “Hisar-A”, və ortamənzilli “Hisar-O” HHM sistemləri Türkiyənin ilk yerli hava hücumundan müdafiə silahlarıdır və bu proqram çərçivəsində Türkiyə indi uzaqmənzilli HHM sistemlərinin hazırlanmasına ciddi səylə çalışır.
Elə HHM sistemləri qədər kiçik, orta və uzunmənzilli ballistik raketlər üzərində də çalışan Türkiyə bu ay ilk ballistik raket ixracını İndoneziyaya edib.
Belə ki, İndoneziyada keçirilən “Indo Defense 2022”-də Türkiyənin Müdafiə Sənayesi tərəfindən hazırlanmış sistemlərin ixracı üçün müqavilələr imzalanıb. “ROKETSAN” tərəfindən hazırlanmış “KHAN” Ballistik Raket Sisteminin (BRS) ixracı üçün müqavilə imzalanıb. “BORA” ballistik raket sisteminin ixrac versiyası olan “KHAN” raket sistemi beləliklə ilk dəfə Türkiyə Silahlı Qüvvələrindən başqa bir ölkənin silah inventarına daxil olacaq. Döyüş meydanında özünü doğrultmuş bir sistem olan “BORA”-nın ixrac versiyasının önümüzdəki dövrdə yenidən uğur əldə etməsi gözlənilir.
“BORA” ballistik raketi ordunun təsir dairəsində yüksək prioritet hədəflərə qarşı intensiv və effektiv atəş gücü yaradır. Türkiyənin istehsal etdiyi bu raket sistemi vaxtında, dəqiq və effektiv atəş gücü yaratmaqla manevr bölmələrinə keyfiyyətli atəş dəstəyi verir.
“BORA”-nın uçuş məsafəsi 280+ km hesab olunur. 470 kq döyüş başlığı daşıyan ballistik raketin öz çəkisi isə 2.500 kq-dır. Hədəfi on metrədək dəqiqliklə vura bilən “BORA” terror fəaliyyətlərinin qarşısının alınmasında, eyni zamanda ordulararası döyüşlərdə öz kateqoriyasına daxil olan raketlərdən bir çox üstünlüyünə görə fərqlənə bilir.
Həmçinin, “BORA”: yüksək dəqiqliklə aşkarlanmış hədəfləri, artilleriya və HHM sistemlərini,radar mövqelərini, düşmənin toplanma məntəqələrini, logistika obyektlərini, Komanda, Nəzarət və Rabitə Sistemlərini və döyüş zamanı həyati önəmə malik bütün önəmli hədəfləri peşəkar dəqiqliklə məhv etməyə qadirdir. (Bizimyol.info)