• 22 Noyabr 2024 23:28

Qəbir yanında edilməsi haram olan əməllər

Qəbir yanında edilməsi haram olan əməllər aşağıdakılardır:

1. Qəbir yanında qurban kəsmək, hətta bu əməl Allah üçün olsa belə, qəti olaraq qadağandır. Çünki qəbir yanında qurban kəsmək cahiliyyət adətlərindəndir. İmam Əhməd bu cür heyvanın ətini yeməyi məkruh saymışdır. Cahiliyyət zamanı onlardan kimsə öldükdə qəbri yanında dəvə kəsərdilər. Bu səbəbdən Peyğəmbər ﷺ demişdir: “İslam dinində qəbir yanında qurban kəsmək yoxdur”.(1)
Allahdan qeyrisi üçün kəsilən heyvana gəldikdə isə istər qəbir yanında olsun, istərsə də başqa bir yerdə, fərq etməz, belə bir əməli etmək də, həmin heyvanın ətindən yemək də qəti olaraq haramdır;
2. Qəbri bir qarışdan hündür etmək;
3. Qəbri sementləmək;
4. Qəbir daşında “bismilləh”, yaxud bəzi yerlərdə adət olduğu kimi əl-Fəcr surəsinin sonuncu ayələrini və ya digər bəzi ayələr yazmaq. Bütün bunlar bidətdir;
5. Qəbrə doğru namaz qılmaq; Bu qadağadan yalnız Cənazə namazı istisnadır. Peyğəmbər ﷺ demişdir: “Qəbirlərin üzərində oturmayın və qəbirlərə doğru namaz qılmayın!” (2) Həmçinin alimlər Peyğəmbərin ﷺ “evləriniz üçün namazlarınızdan pay ayırın, oranı qəbiristanlığa çevirməyin” (3) sözünü də qəbirlərin namaz qılınacaq yerlər olmadığına dair dəlil kimi zikr etmişlər. Necə ki bunu alimlərdən Bəğavi, İbn Munzir və Xəttabi qeyd etmişdir;
6. Qəbir üzərində qübbə və s. tikmək və qəbrin ətrafına böyük hasar çəkmək üçün qəbiristanlıqdan geniş bir ərazi almaq; Hansı ki bu cür geniş ərazidə, bəlkə də, yüzlərlə insanı dəfn etmək mümkündür. Bu kimi əməllər insanların qəbirləri təzim etmələrinə, qəbirləri ibadətgah yerinə çevirmələrinə səbəb olur. Çünki Peyğəmbər ﷺ qəbirləri hündür etməyi, üzərlərində oturmağı,(4) habelə qəbirlər üzərində hər hansı bir tikili tikməyi, qəbrə nə isə əlavə etməyi və üzərində yazı yazmağı qadağan etmişdir.(5)
Fədalə ibn Ubeyd (radıyallahu anhu) demişdir: “Peyğəmbər ﷺ qəbirlərin yerləbir – dümdüz edilməsini əmr edərdi”.(6) İmam Əhməd və digər alimlər qəbrin bilinməsi və beləcə üzərində kiminsə oturmaması və qəbrin tapdalanmaması üçün bir qarış hündür edilməsini icazəli görmüşlər.(7) Həmçinin qəbirlərin çoxluğu səbəbilə qəbrin digər qəbirlərdən seçilməsi üçün üzərində ölənin adının yazılmasını və ya üzərinə bir əlamət qoyulmasını icazəli saymışlar. Təbii ki, bütün bunlar qəbirləri süsləmək qəsdi ilə olmamalıdır. Çünki bu kimi əməllər xaçpərəstlərin adətidir. Habelə qəbirlər üzərində müxtəlif Quran ayələrini, məsələn əl-Fəcr surəsinin son ayələrini, yaxud şəhidlər ilə əlaqəli ayələri özündə əks etdirən lövhələrin qoyulması da icazəli deyildir. Bu əməl bidət olması ilə yanaşı, həmçinin öləni təzkiyə etmək və Allahın yerinə hökm vermək sayılır.
Əbul-Həyyac əl-Əsədi Əli ibn Əbu Talibin (radıyallahu anhu) ona belə dediyini nəql edir: “Peyğəmbərin ﷺ məni vəzifələndirdiyi bir işlə səni vəzifələndirimmi? Dağıtmadığın timsal və dümdüz etmədiyin qəbir qalmasın!” (8)
Aişə anamız və İbn Abbas (radıyallahu anhumə) Peyğəmbərin ﷺ belə dediyini nəql edir: “Allah yəhudi və xaçpərəstlərə lənət etsin! Çünki onlar peyğəmbərlərinin qəbirlərini səcdəgaha çevirdilər”. (9) Həmçinin Peyğəmbər ﷺ bu əməllərinə görə onların Qiyamət günü Allahın yanında məxluqatın ən şərli olduqlarını demişdir.
Peyğəmbərimiz ﷺ öz ümmətini əhli-kitabın əməllərindən çəkindirərək belə demişdir: “Bunu bilin ki, sizdən öncəki qövmlər peyğəmbərlərin və övliyaların qəbirlərini ibadətgaha çevirirdilər. Siz nəbadə belə edəsiz. Mən bunu sizə qadağan edirəm”. (10)
Əgər belə edənlər üçün “lənət olsun!”, “ölüm olsun!” kimi təhdid və bəddualar varid olubsa, habelə bunu edənlər Allah qatında məxluqatın ən şərli olanları kimi vəsf edilibsə, o zaman müsəlman ümməti əhli-kitabın bu adətinə qarşı necə susqun dura və din qeyrəti çəkən insanlar bu məsələdə necə səhlənkar ola bilərlər?! Peyğəmbərin özünə hər şeyi bəyan etdiyi tövhid ümməti içində yayılmış bu cür münkər əməllərə qarşı susqun olacağımız təqdirdə, Qiyamət günü Rəbbimizin hüzuruna hansı bəhanə ilə çıxacağıq?!
Bu məsələnin təhlükəsi barədə Heysəmi “Zəvacir” əsərində belə demişdir: “İbadətgaha çevrilmiş qəbirlərin və qəbirlər üzərindəki qübbələrin təxirə salınmadan həmən dağıdılması vacibdir. Çünki belə yerlər münafiqlərin tikdiyi Dirar məscidindən də daha təhlükəlidir və Peyğəmbərin ﷺ əmrinə asilik üzərində qurulmuşdur. Belə ki, Peyğəmbərimiz bu cür əməlləri qadağan etmiş və hündür qəbirlərin yerləbir – dümdüz edilməsini əmr etmişdir”.(11)
7. Bəzi insanların etdiyi kimi qəbir başında ölülərə səslənmək və onlara xitab etmək bidətdir. Uca Allah buyurur: “Sən ölülərə eşitdirə bilməzsən”.(12)
Qəbir ziyarəti zamanı xoşagəlməz hallardan birisi də qəbri öpmək və ona əl sürtməkdir. Ələlxüsus, bunu edən adam əgər ölənin Uca Allah kimi xeyir bəxş etdiyinə və şəri dəf etdiyinə etiqad edirsə və ölüdən nə isə istəyirsə, bu daha da acınacaqlı və yolverilməz bir haldır. Əbu Hamid əl-Ğəzali demişdir: “Qəbrə əl sürtmək, qəbri öpmək icazəli deyildir. Çünki bütün bunlar xaçpərəstlərin adətlərindəndir”.(13)

(1) Hədis səhihdir. Əbu Davud 3222, Beyhəqi 4/57, Əhməd 3/197.
(2) Müslim, 972.
(3) Buxari və Müslim.
(4) Müslim, 970.
(5) Hədis səhihdir. Əbu Davud, 3225, Nəsai 1/284, Hakim 1/370, Beyhəqi 4/4, Əhməd 3/295, 339, 399.
(6) Müslim, 968, Əbu Davud, 3219, Beyhəqi 4/2.
(7) Əbu Davud “Məsəil imam Əhməd” səh. 158.
(8) Müslim, 969, Əbu Davud, 3218.
(9) Buxari və Müslim.
(10) Müslim, 532.
(11) Əz-Zəvacir 1/120-121.
(12) Ən-Nəml, 80.
(13) “İhyəu ulumud-din” 1/259 və 4/491.

Tacxeber.com

Oxşar xəbərlər