• 23 Noyabr 2024 09:34

Türkiyə və ABŞ-ı üz-üzə qoyan Məzlum Kobani kimdir? – DOSYE

Türkiyənin Suriyada həyata keçirdiyi “Barış Pınarı” əməliyyatı dövründə ABŞ Prezidenti Donald Trampın tez-tez xatırladığı bir ad vardı: Suriya Demokratik Qüvvələrinin (SDQ) komandanı Məzlum Kobani. Tramp əməliyyat zamanı və əməliyyatdan sonra bir neçə dəfə Kobaniyə təşəkkür etdi, hətta onun ABŞ-a səfər edə gedə biləcəyi haqda da danışıqlar gedirdi. Türkiyə hökuməti isə Kobaninin legitim həmsöhbət kimi tanınmasının qəti əleyhinə idi. Hətta Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan “Amerika bu adamı bizə təslim etməlidir” açıqlamasını vermişdi.
Bəs, iki ölkə arasında mübahisəyə səbəb olan, eyni zamanda bu günlərdə İstanbulda İstiqlal küçəsində baş verən terror hadisəsi ilə əlaqədar adı yenidən gündəmə gələn Məzlum Kobani kimdir?
Bakupost.az Məzlum Kobani haqqında araşdırmanı təqdim edir.
Məzlum Kobani 1967-ci il təvəllüdlü suriyalı kürddür. Onun Türkiyə sərhədində yerləşən Kobani şəhərində doğulduğu güman edilir. Kobaninin əsl adı ilə bağlı müxtəlif iddialar var. Türkiyədəki bəzi mənbələr onun adının Mustafa Abdi bin Halil olduğunu bildirir. Ferhad Abdi Şahin, Şahin Cilo və Məzlum Abdi illərdir istifadə etdiyi adlar arasındadır.
Bir müddət əvvəl ondan müsahibə alan “Nyu York Tayms”ın Yaxın Şərq müxbiri Ben Hubbard Kobanidən əsl adının nə olduğu soruşduqda o, “Məzlum Abdi” cavabını verib. Kobani Twitter hesabında da bu addan istifadə edir.
Onun Abdullah Öcalanla uşaq ikən tanış olduğu iddia edilir. Mətbuatda onun Latakya sahilində Öcalanla dənizdə çimdiyini əks etdirən foto da yayılıb. “BBC-Türkcə”də yer alan məlumata görə, Məzlum Kobani Abdullah Öcalanla ikincinin Suriyada olduğu illərdə tanış olub. Türkiyə Daxili İşlər Nazirliyinin hesabatında Ferhat Abdi Şahin, yəni Məzlum Kobaninin PKK-ya 1990-cı ildə, 23 yaşında ikən qoşulduğu bildirilir. Öcalanın Suriyada yaşadığı 20 il boyu Məzlum Kobaninin ona ən yaxın şəxs olduğu iddia edilir.
“Nyu York Tayms” qəzetinə müsahibə verən Kobani Suriyada olduğu müddətdə hökumət tərəfindən daim həbs olunduğunu bildirir. Qəzetin müxbiri Ben Hubbardın öz mənbələrindən əldə etdiyi məlumata görə, Kobani Hələb Universitetində təhsil alıb. İddialara görə, Kobani gənc yaşlarından dövlət adamları ilə münasibətdə təcrübə toplayıb.
Xüsusilə Kobaninin Avropada yaşadığı dövr bu baxımdan kritik olaraq görülür. O, müsahibələrində Avropaya “siyasi iş” üçün getdiyini bildirir. Türkiyənin Daxili İşlər Nazirliyinin hesabatında 1997-2003-cü illərdə Avropada fəaliyyət göstərdiyi bildirilir. Yəni Öcalanın 1999-cu ildə tutulduğu zaman Məzlum Kobaninin Avropada olduğu düşünülür. Abdullah Öcalan da 1999-cu ildə məhkəmədə verdiyi ifadəsində onun adını (Fərhad Abdi Şahin kimi) çəkmişdi. 1998-ci ildə elan edilən atəşkəslə bağlı hakimin sualına cavabında Öcalan Türkiyə dövlətinin o zaman onlara müxtəlif kanallarla atəşkəs təklif etdiyini bildirərək, “Atəşkəs təklifini bizə Avropa təmsilçimiz Kani Yılmaz və Şahin adlı dostumuz Fərhad Abdi Şahin gətirdi. Dostumuz Abdi Şahini də HADEP-də vəkil kimi fəaliyyət göstərən dostumuz Səlim Okçuoğlu gətirib və mənə təklif olunan atəşkəs təklifi olduqca əhatəli idi” deyib.
Abdullah Öcalan daha sonra əlavə edir ki, “O, Türkiyənin unitar quruluşuna xələl gətirmədən fövqəladə vəziyyətin aradan qaldırılacağını, müvəqqəti kənd gözətçiliyi sisteminin ləğv ediləcəyini, bəzi düzəlişlərin ediləcəyini bildirdi. Düşünürəm ki, bu sənəd indi bizim Avropa arxivlərimizdədir”.
Bütün bu məlumatları bir araya toplayanda belə görünür ki, Kobani gənc yaşlarından dövlət rəsmiləri ilə danışıqlara bələd olub. O, PKK-da idarəçi vəzifəsində çalışıb. Kobani Avropa dövründən sonra İraqın şimalına gedərək orada PKK-nın fəaliyyətində iştirak edib.
Onu da qeyd edək ki, Kobani bəzi müsahibələrində bunu gizlətməyib. Məsələn, 2019-cu ilin aprelində “New Yorker” jurnalına verdiyi müsahibədə o, deyir: “Mən bir müddət PKK-da xidmət etmişəm”. Bir müddət Kobani PKK-nın da daxil olduğu çətir təşkilat adlanan KCK-nın direktoru olub. O, KCK İcraiyyə Şurasının üzvü olaraq fəaliyyət göstərib. Türkiyə rəsmiləri iddia edir ki, Kobani PKK dövründə bir neçə dəfə Türkiyəyə hücum əmri verib.
Kobani isə jurnalistlərə PKK dövrü haqqında ətraflı danışmamağa üstünlük verir. Ümumiyyətlə, bunun keçmişə aid olduğunu, PKK və YPG-nin ayrı-ayrı təşkilatlar olduğu fikrini müdafiə edir.
Kobaninin 2013-cü ildə KCK İcra Şurasının rəsmisi olaraq PKK-ya yaxın “Fırat Xəbər” Agentliyinə verdiyi və hələ də internet saytında yer alan müsahibədə onun Şahin Cilo adından istifadə etdiyi görünür.
YPG prosesi və “Dəli Kobani”nin doğuşu
“Cilo”nun Suriyanın şimalında kürdlərin Rojava adlandırdıqları bölgəyə köçüb fəaliyyətini gücləndirdikdən sonra “Məzlum Kobani” adını aldığı məlum olur.
2012-ci ilin yayında Suriyanın şimalındakı administrasiya faktiki olaraq Demokratik Birlik Partiyasının (PYD) əlinə keçməyə başladı. Kobani 2013-cü ildə Şahin Cilo adı ilə verdiyi müsahibədə “Rojavada xalq hökumətini rəsmiləşdirməyin vaxtı çatıb” demişdi.
Müsahibənin götürüldüyü yer isə Şimali İraqda – Hakkarinin cənubunda yerləşən Behdinan bölgəsi idi. Yəni Kobaninin bu zaman hələ də PKK düşərgələrində olduğu və ya oraya gedib-gəldiyi məlum olur.
2014-cü il həm YPG həm də Kobani üçün dönüş nöqtəsi oldu. YPG yaraqlılarının İŞİD-ə qarşı göstərdiyi performans və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İŞİD-ə qarşı hava əməliyyatları zamanı YPG ilə əməkdaşlığı sonradan siyasi əməkdaşlığa çevrildi.
“BBC Türkcə” yazır ki, keçmişdə həm Kobani, həm də ABŞ rəsmiləri ilə görüşən “New Yorker”in yazarı Robin Rayt 2014-cü ildə Sincar hücumu zamanı iranlıların dəstək üçün amerikalılardan daha sürətli hərəkət etdiyini, Kobaninin avqustun 18-i səhər saatlarında Qasim Süleymani ilə görüşdüyünü bildirir. O, qeyd edir ki, həmin gün axşam saatlarında Kobani Süleymaniyyə şəhərində ABŞ rəsmisi ilə görüşüb. Ona görə də Kobaninin bu prosesdə mühüm rol oynadığı məlum olur.
Beləliklə, Məzlum Kobani 2015-ci ildə Suriya Demokratik Qüvvələrinin yaradılması ilə beynəlxalq nüfuz qazanıb.
Kobani bir tərəfdən İŞİD-ə qarşı əməliyyatları idarə edən, digər tərəfdən ABŞ başda olmaqla beynəlxalq qüvvələrlə danışan, beynəlxalq mətbuata müsahibələr verən bir fiqura çevrilib. Onun adını ən çox gündəmə gətirən isə şübhəsiz ki, ABŞ Prezidenti Tramp olub. Tramp mütəmadi olaraq ondan bəhs edib.
Məzlum Kobani 2019-cu ilin iyul ayında BMT-nin Uşaqlar və Silahlı Münaqişələr üzrə xüsusi elçisi Virciniya Qamba ilə görüşüb və SDQ adından BMT sənədi imzalayıb.
Oktyabrın 16-da “Barış Pınarı” əməliyyatının başladığı gün Trampın Prezident Ərdoğana yazdığı və mətbuata sızan məktubda aşağıdakı ifadələr yer alıb:
“Mən sizin bəzi problemlərinizi həll etmək üçün çox çalışdım. Dünyanı ruhdan salmayın. Siz çox şey edə bilərsiniz. General Məzlum sizinlə danışıqlar aparmaq istəyir və əvvəllər etmədikləri bəzi güzəştlərə getməyə hazır olduğunu deyir. Sənə güvənib mənə bir məktub yazdı, əlavə edirəm”.
Oktyabrın 16-da mətbuata sızan məktuba Türkiyə rəsmilərinin reaksiyası belə olub: “Biz onu zibil qutusuna atdıq”.
Bəs, Kobanini tanıyanlar onu necə təsvir edir?
Kobanidən müsahibə alan jurnalistlər onun öz keçmişi haqqında çox danışmadığını və sirli bir tərəfinin olduğunu deyirlər.
“Nyu York Tayms”ın Yaxın Şərq müxbiri Ben Hubbard müsahibəsində Kobani ilə görüşdən aldığı təəssüratları belə təsvir edir:
“O, kamuflyaj formada oturmuşdu. Olduqca təvazökar bir insan idi və kifayət qədər yumşaq səsi var idi. Güclü hərbçilərdə gördüyünüz yüksək, sərt danışıq tərzi yox idi. Onun əlini sıxdığımda ovucunun kifayət qədər yumşaq olduğunu gördüm. Mənə elə gəldi ki, o, zamanının çoxunu əlində “Kalaşnikov”la düşmənə atəş açan biri deyil, daha çox strateji maraqlarla məşğul birisidir”.
“Nyu York Tayms”a müsahibə verən və Kobani ilə işləyən ABŞ rəsmisi onu “savadlı və ağıllı siyasətçi, çox təsirli cəbhəçi” kimi təsvir edib.
Kobaninin ictimaiyyətə açıqlamalarında həmişə siyasi dildən istifadə etməyə, bəzən də ehtiyatlı görüntü verməyə çalışdığı anlaşılır. Məsələn, “Barış Pınarı” əməliyyatı zamanı ABŞ qüvvələrinin sərhədi tərk etmək qərarından sonra bir çox kürd rəsmilər “xəyanət”, “kürəyimizdən bıçaqlandıq” kimi açıqlamalar verərkən, Kobani məyus olduğunu, lakin ABŞ ilə işləməyə davam etmək istədiyini vurğuladı.
Bu arada Kobani bu yaxınlarda “mavi işarəli” Twitter hesabı istifadə etməyə başladı. “Mavi işarə” hesabın Twitter tərəfindən təsdiqlənmiş həqiqi hesab olduğunu göstərir.
ABŞ və Türkiyə Kobani haqqında nə düşünür?
ABŞ və Türkiyənin Mazlum Kobani ilə bağlı yanaşmaları tamamilə bir-birinin əksidir.
ABŞ Kobanini mühüm müttəfiqi, İŞİD-i məğlub edən SDQ-nin qanuni komandiri kimi görür. Həm Donald Tramp, həm də bir çox ABŞ siyasətçiləri Kobanidən danışıqlara və əməkdaşlığa açıq bir ad olaraq bəhs edirlər.
Türkiyənin son reaksiyalarına baxmayaraq, bu münasibət davam edir.
Nəhayət, Türkiyə və Rusiya arasında Soçi memorandumundan sonra Tramp SDQ liderinin Twitter hesabını da işarələdiyi tvitdə Kobani ilə telefonla danışdığını, çox məmnun olduğunu və ona təşəkkür etdiyini bildirib.
“BBC Türkcə”nin məlumatına görə, Kobaninin Vaşinqtonda qarşılanacağına dair şayiələr vardı. Belə ki, bir qrup respublikaçı və demokrat senator ABŞ Dövlət Departamentinə məktub yazaraq ABŞ-a səfər etmək istəsə, Kobaniyə dərhal viza verilməsini istəmişdi.
Türkiyə isə illərdir YPG-nin PKK ilə eyni təşkilat olduğunu deyir edir və Qərbin YPG-ni terrorçu kimi görməsini istəyirdi. Buna görə də YPG və SDq komandirlərini terrorçu olaraq görürdü. Təsadüfi deyil ki, Kobani Türkiyənin “qırmızı siyahı” ilə axtardığı “terrorçular siyahısındadır. Bu səbədən Ankara Birləşmiş Millətlər Təşkilatı təmsilçisinin Kobani ilə uşaq döyüşçülərlə bağlı müqavilə imzalamasının da əleyhinə çıxmaşdı.
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bu mövzuda danışarkən “Məzlum Kobani kod adlı Fərhad Abdi Şahin terrorçudur. Türkiyə onu qırmızı bildirişlə axtarır. Birləşmiş Millətlər ağlını itirib? Onunla eyni masada otururlar və uşaq terrorçuları bir daha PYD-yə almamaq üçün razılıq müqaviləsi imzalayırlar. Bu, qara ləkədir” demişdi.
“Barış Pınarı” əməliyyatı dönəmində Türkiyənin Kobaninin təhvil verilməsi ilə bağlı çağırışları da artmışdı. Prezident Ərdoğan “Məzlum kod adlı bu şəxs qırmızı bildirişlə axtarışda olan terrorçudur. Bu nə deməkdir? Amerika bu adamı bizə təhvil verməlidir” demişdi.
Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül də ABŞ-a bununla bağlı xəbərdarlıq etmişdi:
“Əgər bu şəxs ABŞ-a girərsə, tutularaq Türkiyəyə təhvil verilməlidir. Çünki onun haqqında qırmızı bildiriş var. Bu qırmızı bildiriş 196 ölkədə keçərlidir. Dünən ABŞ-a yenidən qırmızı bildiriş göndərilib. Bizim ABŞ-la ekstradisiya müqaviləmiz olduğuna görə, bu terror təşkilatının lideri ekstradisiya edilməlidir. Türkiyə olaraq bunu bir daha xatırlatdıq. O, ABŞ-a girən kimi dərhal yazışmalar aparılacaq. Xarici İşlər Nazirliyi vasitəsilə bu məsələ ABŞ-a bir daha xatırladılıb”.
Digər tərəfdən, ABŞ-ın Kobaniyə viza verəcəyi və onun Vaşınqtona səfər edəcəyi təqdirdə Türkiyə Xarici İşlər Nazirliyinin nota verəcəyi ilə bağlı da fikirlər vardı.
Qeyd edək ki, o zaman Türkiyə tərəfinin bu etirazları səbəbindən Kobaninin ABŞ-a səfəri baş tutmadı. (BakuPost)
Günel Musa

Tacxeber.com

Oxşar xəbərlər