“O vaxt mənə lağ edən müğənnilər açdığım cığırla arxamca gəldilər…” – FOTOLAR
“Ard-arda itkilər yaşadığıma görə iki ildir efirlərə çıxmırdım”
“Hərbi-vətənpərvərlik mahnıları oxudum, gənclərə yol açdım. Mən o vaxt qanlı-qadalı günlərdə cəbhə xəttində işləyirdim, başımızın üstündən güllələr, pulemyot uçurdu. İndi azad dövrdür, işləsinlər də. Meydan cavanlarındır. Mən arzulayardım ki, hərbi-vətənpərvərlik mahnıları oxuyan müğənnilərimizin sayı çox olsun”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən müğənni Zümrüd Məmmədova deyib. O daha sonra əlavə edib.
“O vaxt müğənnilər mənə deyirdilər ki, ay Zümrüd, sən kamançanı atdın, dəfi atdın, muğamları atıb, hərbi sahəyə keçdin. Niyə getdin? Sənin yerin xalq mahnıları, muğamlar, təsniflərdir. O vaxt mənə lağ edən edən müğənnilər açdığım cığırla arxamca gəldilər. Amma ilk hərbi qadın müğənni mən oldu” deyə sənətkar bildirib.
Xalq artisti bacısı və onun həyat yoldaşını itirdiyinə görə iki ildir efirlərə çıxmadığını bildirib.
“Bilirsiniz ki, ard-arda itkilər yaşadım, ona görə də iki ildir ki, efirlərə çıxmırdım. Düzdü işləsəm də, pessimist olmuşdum. Nəsə üzüm gülmürdü, ürəyimdən gəlmirdi. Görürdüm ki, hamı məni tənqid edir ki, bu sənə yaraşmır, səndən çox şeylər gözləyirik. Ona görə də yavaş-yavaş efirlərə çıxacağam. Hər verilişə getmirəm, istəyirəm ki, o verilişdə mənim yerim görünsün, ona görə də verilişləri seçirəm” deyə sənətkar bildirib.
Xalq artisti pedaqoji fəaliyyətindən də danışıb.
“Bakı Musiqi Akademiyasının baş elmi işçisiyəm, pedaqoji fəaliyyətlə məşğul oluram. İncəsənət Universitetinin muğam kafedrasında uzun illər işləmişəm, Milli Konservatoriyada da çalışıram. Fəaliyyətimi dayandırmamışam, vətənimizə, ölkəmizə layiqli tələbələr yetişdirirəm. İncəsənətimizə qızım İlahə Qismət adından bir övlad bəxş etmişəm. O da bir çox əsərlər yazır. Şuşa ilinə görə “Dəmir yumruq” zəfər baleti yazdı. Onun da təqdimatı çox möhtəşəm oldu. Mən həyata real gözlə baxıram. Sənətkarlarımız bəzən gənclərdən çox gileylənir, amma mən belə deməzdim. Sənəti öldürən sənətçi var. Sənəti yaxşı, istedadlı sənət adamları diriltməlidir. Birinin istedadı yoxdur, əlindən heç nə gəlmir, deyir ki, sənət öldü. Sənət niyə ölür ki? Bineyi-qədimdən şərait olmayanda da bizim incəsənətimiz öz sözünü deyib. İncəsənəti yaradan, onu istedada doğru aparan sənətçilər olmalıdır. Allah deyir ki, səndən hərəkət, məndən bərəkət. Sənətkar hər zaman öz üzərində işləməlidir, konsertlər verməlidir. Neçə yaşım olursa-olsun mən yenə də işləyəcəm. Allah təala bu sənəti mənə verib ki, insanları sevindirim” deyə sənətkar bildirib.