“Geridə qoyduğumuz 4 aylıq müddətdə 500-ə yaxın gəmi ilə 11 milyon tondan çox taxıl qida ehtiyacı olanlara çatdırılıb. Bu, sözügedən razılığın dünyanın qida təminatı və təhlükəsizliyində nə qədər önəmi və faydalı olduğunu göstərir”.
Tacxeber.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “tviter”də yazıb.
O, sazişin müddətinin uzadılmasına görə BMT-nin Baş katibi Antonio Quterreşə, Rusiya Prezidenti Vladimir Putinə və Ukrayna Prezidenti Volodimir Zelenskiyə təşəkkür edib: “bu işdə zəhməti olan hər kəsi təbrik edirəm”.
Qeyd edək ki, noyabrın 17-də “Taxıl sazişi”nin müddətinin daha 120 gün müddətinə uzadılması barədə razılıq əldə olunub.
Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.