• 17 Sentyabr 2024 00:20

17 noyabr 1922-ci il, xəlifə və keçmiş Osmanlı sultanı VI Mehmed Vahideddin ingilis gəmisinə minərək ölkəni tərk edir.

1861-ci ildə anadan olmuşdu. V Mehmedin ölümündən sonra 1918-ci il iyulun 4-də taxta çıxdı. Sentyabrda keçirilən cülus törənində o zaman Azərbaycan Cümhuriyyətinin İstanbula göndərdiyi Məhəməd Əmin Rəsulzadə də iştirak edir.

Onun taxta çıxması Birinci dünya müharibəsinin son aylarına təsadüf edirdi. Osmanlı bu müharibədə məğlub olur. Daha sonra Anadoluda Mustafa Kamal paşanın rəhbərlik etdiyi milli hrəkat başlayır.

VI Mehmed və onun təyin etdiyi Damad Ferid paşa hökuməti kamalçılar əleyhinə mövqe tuturlar. Onların istəyi ilə şeyxülislam Mustafa Kamal və tərəfdarları haqqında edam fitvası çıxarır. Kamalçıların Kuva-yi Milliye qüvvələrinə qarşı sultan hökumətinin Kuva-yi İnzibatiye dəstələri yaradılır, amma bu cəhd uğurlu olmur. O zaman kamalçılarla hələ müttəfiq olan (sonralar düşmən oldu) Çerkez Ethem Kuva-yi İnzibatiyye qüvvələrini məğlub etdi.

Qurtuluş savaşının qalib gəlməsindən bir müddət sonra, 1922-ci il noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinin qərarı ilə Osmanlı səltənəti ləğv edildi. VI Mehmed Vahideddin daha sultan deyildi, amma xəlifə olaraq qalırdı.

Keçmiş sultan öz həyatı üçün möhkəm əndişə keçirirdi. Mustafa Kamala qarşı sərt mövqeyi ilə tanınan Ali Kamalın (Boris Consonun atasının babası) noyabrın 6-də linç edilərək öldürülməsindən sonra bu qorxu daha da artdı. Noyabrın 16-də xəlifə İstanbuldakı ingilis işğal qüvvələrinin komandanı general Harrinqtona müraciət edərək ölkədən çıxarılmasını istədi:

“Dersaadet (İstanbul) işgal orduları kumandanı General Harrington cenablarına.
İstanbul’da hayatımı tehlikede gördüğümden İngiltere Devlet-i Fehimesine iltica ve bir an evvel İstanbul’dan mahall-i ahara (başka bir yere) naklimi talep ederim efendim.
16 Teşrinsani (Kasım) Sene 1922
Halife-i Müslimin Mehmed Vahdeddin”

36-cı və sonuncu Osmanlı sultanı noyabrın 17-də ingilislərin “Malaya” hərbi gəmisinə minərək ölkədən çıxdı. TBMM ertəsi gün Osmanlı sülaləsindən Abdülmecid efendini xəlifə elan etdi.

Vahideddin isə Hicaz kralı, 1916-cı ildə Osmanlı dövlətinə qarşı üsyan qaldıraraq türklərin Birinci dünya müharibəsindəki vəziyyətini lap çətinləşdirən Hüseynin dəvətini qəbul edərək bir müddət Hicazda qaldı. 1923-cü ildə isə İtaliyanın San Remo şəhərinə getdi və üç il sonra burada öldü.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər