• 25 Fevral 2024 02:23

Abbas Abbasovun oğluna məxsus şirkətdə nə baş verib? — Həbsdə olan prokurorun işində yeni FAKTLAR

Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və Yasamal rayon Polis İdarəsi 28-ci polis bölməsinin sabiq inspektoru Ramin Talıbovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə hindistanlılara məxsus olduğu iddia edilin şirkətin meneceri Kamran Muradov ifadə verib.

Kamran Muradov bildirib ki, şirkətin müdiri olan hindistanlı ona zəng vurub və polislərin gəldiyini deyib: “Sonradan bildik ki, yuyucu tozların keyfiyyətsiz olması, bir nəfər vətəndaşın isə bu üzdən zəhərlənməsi ilə bağlı Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət edilib. Polis işçiləri dedilər ki, “Sədərək”də yerləşən anbar möhürlənəcək. Şirkətin müdiri hindistanlı  dedi ki, işlərin “həll olunması” üçün 20 min dollar vermək lazımdır. Sonra kiməsə zəng vurdular, razılığa gəldilər”.

Şahid bildirib ki, aradan 20-22 il vaxt ötüb, bəzi söhbətlər yadında qalmayıb.

Sabiq müstəntiq şahiddən çalışdığı şirkətin kimə məxsus olduğunu soruşub. Şahid hindistanlılara məxsus olduğunu deyib.

Samir Kərimov şahidə “həmin şirkətin sabiq baş nazirinin birinci müavini olmuş Abbas Abbasovun oğlu Aydın Abbasova məxsus olmasını bilirdinizmi?” sualına şahid bilmədiyini deyib.

Digər şahid Sahib Qələndərov isə hadisədən uzun müddət keçdiyini, çox şeyləri xatırlamadığını bildirib. Cinayət işində zərərçəkmiş kimi adı hallanan hindistanlıların ona külli  miqdarda ziyan vurduqlarını deyib: ”Əmircandakı fərdi yaşayış evimi onlara kirayəyə vermişdim. Mənə uzun müddət həmin evdə qalacaqlarını dedilər, hətta evi təmir etdirdilər, amma qalmadılar. Sonradan saxta yuyucu toz satışı ilə məşğul olduqları bəlli oldu. Bundan sonra şirkəti satıb getdilər. Mən də 50 min dollar zərərə düşdüm”.

Şahid qeyd edib ki, təmir işləri ilə əlaqədar tez-tez hindistanlıların yaşadığı evə gedib-gəlib: “Növbəti dəfə oraya gələndə gördüm ki, iki-üç nəfər polis əməkdaşı hindistanlıları sorğu-sual edir. Sonradan mənə şəkillər təqdim etdilər ki, bu polis əməkdaşlarını tanıyırsınızmı? Dedim ki, qismən. Dedilər ikisini tapmışıq, bircə prokurorluğun müstəntiqi qalıb”.

Şahid dəfələrlə polis və prokurorluq orqanlarına çağırılaraq dindirildiyini deyib: ”22 ildən sonra yenidən çağırdılar, şəkilləri göstərdilər, dedilər ki, araşdırdığımız adam budur, cinayətkar budur, qol çək”.

Daha sonra şahid tərəflərin suallarını cavablandırıb. Sabiq müstəntiq şahiddən onu tanıyıb-tanımdaığını soruşub. Şahid isə xatırlamadığını deyib.
İttihama görə, Bakı şəhər Prokurorluğunun müstəntiqi Samir Kərimov və sahə inspektoru Talıbov Yasamal rayonunda hindistanlılardan 300 min dollar (o vaxtkı məzənnə ilə 1 milyard 400 min manat – red.) pul tələb ediblər, son nəticədə 20 min manat alıblar.

Əcnəbilərin keyfiyyətsiz məhsulları əhaliyə satmağa görə hədələndiyi, cinayət məsuliyyətinə cəlb olunmamaq üçün onlardan pul alındığı iddia edilib.
İstintaq sənədlərinə görə, Samir Kərimov Hindistan vətəndaşları – Sham Das Ghanshamdas, Raj Kumar Wadhqwani Anıl, Kishor Sindhi, Naresh Shanti Kumar, Vikram Singh Rajpurohit, Venkatesh Kadrı, Bhojwani Dhiraj, Ashok Kumar, Ananthakrıshnan Balasubramaniandan rüşvət alıblar.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Xatırladaq ki, Hindistan vətəndaşlarını işlədiyi şirkət baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun oğlu Aydın Abbasova məxsus olub. Samir Kərimov həbsinə görə keçmiş deputat Aydın Abbasovu günahlandırıb. O iddia edib ki, barəsindəki cinayət işi Abbasovun yalan şikayəti əsasında başlanıb.
Söhbət Aydın Abbasova məxsus şirkətin hindistanlı işçilərindən rüşvət alınması haqda şikayətdən gedir. Cinayət işinin materialları arasında keçmiş deputatın prokurorluğa məktubu da var. Rüşvət alındığı iddia olunan hindistanlılar da deyiblər ki, işlədikləri yuyucu toz istehsalı və satışı ilə məşğul olan şirkət Aydın Abbasova məxsus idi.

Bir müddət sonra müstəntiqin əməlinin üstü açılıb, o, prokurorluq orqanlarından xaric olunub. Həmin vaxtdan isə Samir Kərimov ölkəni tərk edib.
Faktla bağlı Samir Kərimov və Ramin Talıbov barəsində cinayət işi açılıb. Samir Kərimov ölkədə olmadığı üçün barəsində həbsli axtarış elan olunub. Ramin Talıbov isə zaminə buraxılıb.

Sabiq müstəntiq prokurorluqdan çıxandan sonra Rusiyaya gedib, xeyli müddət orada yaşayıb. 2022-ci ilin yayında Azərbaycana qayıdıb. O, şəxsiyyət vəsiqəsini yeniləməkdən ötrü “ASAN Xidmət”ə gedib, ertəsi gün isə saxlanılıb. (Demokrat.az)

Tacxeber.com

Oxşar xəbərlər