• 22 Noyabr 2024 18:34

“Dama-dama göl olub” artan cərimələrin fəsadı: Bakıda 35 min sürücü pul ödəmək istəmir – AÇIQLAMA + FOTO

Cəmiyyətin bitməyən problemlərindən biri də cərimələrdir. İnsanlar qayda pozmağa meyilli olsalar da, cərimə ödəmək heç də ürəklərincə deyil.

Necə deyərlər, “dama-dama göl olur”: sürücü qanunvericiliyin tələbinə uyğun olaraq tətbiq edilən cərimədən və ya cərimənin ödənilməsinin gecikdirdiyi üçün yaranmış əlavə məsuliyyətdən, beləliklə də artan cərimə məbləğindən şikayət etməyə başlayır. Mübahisələr isə bəzən qalmaqallı hadisələrlə yekunlaşır.

Elə olur ki, sürücü tək və ya sərnişinlərlə birlikdə nəqliyyat vasitəsilə hərəkətdə olan zaman zərurət yaranarsa, yol polisi əməkdaşları tərəfindən saxlanılır. DYP əməkdaşı sürücüyə tətbiq edilən cərimənin ödənilmədiyini bildirir və onu hərəkətdən uzaqlaşdırıb müvafiq qaydada avtomobilini cərimə meydançasına aparır.

Məhz bu zaman polis əməkdaşlarının müvafiq təlimata uyğun tələbləri sürücü və polis əməkdaşı arasında mübahisənin yaranması ilə nəticələnir.

Bəs ümumiyyətlə sürücüyə yol hərəkəti qaydalarını pozduğuna görə tətbiq edilən müvafiq cərimənin maksimum gecikdirmə müddəti nə qədərdir? 

Hansı müddət aralığında ödənilməyən cərimə məbləğlərinə əlavə olaraq müvafiq dəbbə pulu hesablanır? Cərimə ödənilməsinin gecikməsinə görə gələn əlavə dəbbə pulu cərimənin ümumən neçə faizini əhatə etdikdə artım dayanır?

Cərimə ödənişlərini gecikdirən sürücülərin sürücülük hüququnun əllərindən alınması və ya məhdudlaşdırılmasına tez-tez rast gəlinirmi? 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, sürücülərə bənzər problemlərlə qarşılaşmamaları üçün tətbiq edilən cərimələri qanunla nəzərdə tutulan müddətdə istər onlayn qaydada, istərsə də ödəmə terminallarından ödəmələrini tövsiyə edirlər:

“Hər bir sürücü gərək yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşsın. Cərimə olunmamağın tək yolu budur. Çünki bir insan qazancını cərimələrə deyil, öz ailəsi üçün xərcləməyi istəyirsə, sükan arxasında olarkən yol hərəkəti qaydalarına düzgün riayət etməlidir. Təəssüf ki, sürücülər cərimənin səbəbilə bağlı deyil, məbləğindən dolayı mübahisə yaratmağa cəhd edirlər.  Cərimələrdən şikayət etmək əvəzinə, onlardan nəticə çıxarıb, eyni xətaları təkrar etməmək lazımdır”.

Polis mayoru deyir ki, sürücülərə yol hərəkəti qaydalarını pozaraq inzibati xəta törətdikləri zaman tətbiq edilən cərimə protokolu qüvvəyə mindikdən sonra 10 gün ərzində baş verən inzibati xətaya uyğun olaraq ödəniş edərkən 10% məbləğində güzəşt əldə edirlər:

“Məsələn, sürücüyə 50 manat cərimə tətbiq edilib. Bu cəriməni 10 gün ərzində ödəyərsə, 45 manat ödəyir. 10 gündən sonra isə İnzibati Xətalar Məcəlləsinin (İXM) 150-ci maddəsinə uyğun olaraq, tətbiq edilən cəriməni bir ay ərzində heç bir artım olmadan güzəştsiz qaydada ödəyə bilər. Lakin cərimənin tətbiqindən sonra bir ay tamam oldusa, daha sonra cərimənin ödənilmədiyi hər ötən gün üçün 1 faiz dəbbə pulu hesablanır. Artıq üçüncü aydan sonra isə nəqliyyat vasitəsinin idarəolunması hüququ məcburi qaydada məhdudlaşdırılır. Həmin şəxslər nəqliyyat vasitəsini idarə edərkən “iPatrul” sistemi və digər xüsusi texniki vasitə ilə müəyyən edilirlər. Bu zaman da DYP əməkdaşları vəzifə borclarını yerinə yetirməli, qanunun tələblərinə uyğun olaraq tədbir görməlidirlər. Belə olan halda isə bəzi sürücülərlə polis əməkdaşları arasında xoşagəlməz dialoqların yarandığının şahidi oluruq.

Onu da qeyd edim ki, inzibati məsuliyyətdən yayınma halları sürücülərin barəsində sürücülük hüququnun məhdudlaşdırılmasına qədər gətirib çıxara bilər”.

Araz Əsgərli sürücü və DYP əməkdaşları arasında yaranan mübahisələrə də aydınlıq gətirib:

“Biz bu istiqamətdə dəfələrlə maarifləndirici tədbirlər həyata keçirmişik. Sürücülərlə profilaktik söhbətlər də aparılır. Lakin inzibati tənbeh tədbirlərinə tuş gələn sürücülər qanunvericiliyin tələblərinə əməl etməyərək, bunu mübahisə predmetinə çevirirlər. Sürücünün mövcud elektron xidmətlərdən düzgün istifadə etməməsi, cərimələrinə nəzarət etməməsi avtomobil yollarında DYP əməkdaşları ilə xoşagəlməz mübahisələrə gətirib çıxara bilir. Bunun üçün sürücü nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirləri çərçivəsində öz üzərinə düşən məsuliyyəti bilməli və zamanında yerinə yetirməlidir. Əks təqdirdə bu məqam gələcəkdə daha xoşagəlməz hallarla nəticələnə bilir”.

Cərimə məbləğlərinin ödəmə müddətinin keçməsi ilə bağlı məqama toxunan polis mayoru onu da əlavə edib ki, Bakı üzrə nəzərdə tutulmuş cərimə məbləğini ödəməyən 35 minə yaxın sürücünün ünvanına protokol göndərilib:

“Bu proses İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq həyata keçirilir. Protokollar üzrə qərar qəbuletmə səlahiyyəti isə məhkəmə orqanlarına həvalə edilir. Xüsusilə qeyd etmək istədiyim məqam isə odur ki, ictimai nəqliyyat üzərində xeyli ödənilməmiş cərimələr var. İctimai nəqliyyatda çalışan fiziki və hüquqi şəxslərdən xahiş edirik ki, edilən qayda pozuntularına müvafiq olaraq tərtib edilən cərimələri vaxtında ödəsinlər”.

Tacxeber.com

Oxşar xəbərlər