Rusiyada səfərbərlik cəmiyyətdə daha böyük narazılıq yaratdı. Məlum oldu ki, böyük əksəriyyət sözdə Kremlin siyasətini dəstəkləyir, əslində isə döyüşməyi arzulamır. Ölkəni milyona yaxın vətəndaş tərk etdi. Qalanlar səfərbərlikdən yayınmağa çalışır. Təlim adı ilə orduya çağırılanlar şəraitsizlikdən gileylənir. Ölənlərin yaxınları isə səsini ucaltmağa başlayıb.
Rusiyada “Analar və həyat yoldaşları şurası” adlandırılan qurum yaradılıb. Bura əsasən səfərbərliklə orduya cəlb edilmiş hərbçilərin və müqavilə ilə burada yer alanların yaxınları üzv olur. Bir neçə gün əvvəl şuranın 20-yə yaxın fəalı Sankt-Peterburqdakı Qərb hərbi dairəsinin qərargahı qarşısında etiraz aksiyası keçirib. Onlar Ukrayna ilə danışıqlara başlamağı, nüvə silahından imtinanı, Belqorod vilayətində müqavilə ilə qulluq edənləri geri qaytarmağı, hərbçilərin qanunsuz şəkildə döyüş bölgəsinə göndərilməsini dayandırmağı tələb ediblər. Polis aksiyanın qarşısını almağa çalışıb. Amma heç kim həbs edilməyib.
Fəallardan biri Olqa Tsukanovanın 20 yaşlı oğlu yayda orduya aparılıb. Orada gənc əsgəri müqaviləyə qol çəkməyə məcbur ediblər. Olqa övladı ilə əlaqə saxlaya bilmir. Qadın hesab edir ki, oğlu bir çoxları kimi müqavilədən imtina edib, buna görə də onları cəzalandırırlar. Çünki dəfələrlə qol çəkmək istəmədiyini telefonda anasına deyib.
Olqa Tsukanova ayrı-ayrı şəhərlərdə hərbçi yaxınlarının müqavimət təşkilatlarının yaradılmasının tərəfdarıdır. Onun fikrincə, prosesə müdaxilə olunmasa, daha acı nəticələr ortaya çıxacaq. “Qorxmaq üçün artıq gecdir”, – Tsukanova belə deyir.
Zinaida Kurbatovanın oğlu Aleksey səfərbərliyin ilk günündə orduya çağırılıb. Heç bir hazırlıq görməyən 31 yaşlı gənci birbaşa döyüş bölgəsinə aparıblar. Sentyabrın 29-da cəbhə yoldaşları onun ölüm xəbərini anaya çatdırıb. Rəsmi qurumlar yalnız oktyabrın 5-də Alekseyin ölümünü təsdiqləyib. Zinaida Kurbatova da Sankt-Peterburqda etiraz edənlər arasında yer alıb.
Başqa bir fəal Svetlana Belovanın müharibəyə heç bir yaxını aparılmayıb. Amma o, Rusiya Müdafiə Nazirliyinin ordudakı səhvlərə görə cabab verməsini tələb edir.
Zinaida Kurbatova kimi bir çox analar oğullarının boş yerə qurban verilməsinə inanır. Onlar günahkarların cəzalandırılmasını istəyir. (Bizimyol.info)