Ukraynaya qarşı istifadə edilən silahlar İrandan Rusiyaya mülki təyyarələrlə daşınıb – FOTO
Ukraynaya qarşı istifadə edilən silahlar İrandan Rusiyaya mülki təyyarələrlə daşınıb.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilir ki, Avstriyanın “Aviasiya” jurnalı və Britaniyanın “Forbes” jurnalı noyabrın 16-da bununla bağlı xəbər dərc edib. Xəbərdə İranın 4 mülki aviaşirkətinin Rusiyaya İran hərbi texnikasının göndərilməsində əməkdaşlıq etdiyi qeyd edilib.
“İran Air”, “Mahan Air”, “Qeshm Fars Air” və “Səha Air” şirkətlərinə məxsus 4 ədəd “Boeing 747” təyyarəsi silahları, o cümlədən “Shahid-136” kamikadze dronlarını Rusiyaya daşıyıb. Adıçəkilən iki nəşr araşdırmaçı jurnalistlərin ilk dəfə noyabrın 12-də Britaniyanın “İ” jurnalında dərc edilmiş və iki gün sonra yenilənmiş hesabatına istinad edib. Jurnalistlər araşdırmaları zamanı müəyyən ediblər ki, İran şirkətlərinin mülki təyyarələri Tehranla Moskva arasında azı 70 dəfə uçuş edib və Rusiyaya İran istehsalı olan silahlar daşıyıb.
Araşdırmanın nəticələri göstərir ki, bu il fevralın 24-də Rusiyanın Ukrayna ərazisinə hərbi təcavüzü başlayandan bəri İranın mülki təyyarələri ilə Rusiyaya silah daşınması həftədə iki dəfə həyata keçirilib.