“Rusiya prezidenti Vladimir Putinin Ukraynada başlatdığı müharibə Rusiya Federasiyasında sabitliyə töhfə vermədiyi üçün o, hakimiyyəti saxlaya bilməz”.
Moderator.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski bu fikri noyabrın 16-da Almaniyanın “T-online” nəşrinə müsahibəsində ifadə edib.
“Rusiyada insanlar nə baş verdiyini anlamağa başlayıblar. Putin rejiminin qəfil süqutu mümkündür. Sovet İttifaqı Əfqanıstanı işğal etdikdən on il sonra dağıldı. Putinin sovet rejimindən daha az resursu, daha az gücü, daha az dostu var. Ona görə də hakimiyyət dəyişikliyi daha tez baş verə bilər”- deyə Skibitsky etimal edib.
Xatırladaq ki, bu il fevralın 24-də Putin Ukraynanın “demilitarizasiyası” və “denazifikasiyası” adı altında bu ölkəyə müdaxilə elan etdi. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, əvvəlcə Putin bir neçə günə Ukraynanı ələ keçirəcəyini gözləyirdi. Lakin blitskriq baş tutmadı..