• 13 Noyabr 2024 19:47

Təbriz ayaqda: 5500 mağaza tətil etdi, etirazlar genişlənir

İranda Məhsa Əminin polis tərəfindən qətlə yetirilməsindən sonra başlayan etiraz aksiyaları davam edir. Son günlər isə neft sektorunda və ticarət sahəsində çalışan on minlərlə insan tətillərə başlayıb.

Bakupost.az “BBC Azərbaycan”nın Təbrizdəki son vəziyyətlə bağlı hazırladığı materialı təqdim edir:

İranda iki aydan çoxdur başlayan və ölkəboyu davam edən aramsız etiraz aksiyalarının ardınca paytaxt Tehranla yanaşı bir çox şəhərlərdə, o cümlədən, İranın ən iri bazarı hesab edilən Təbriz bazarında bəzi dükan və marketlər bağlanıb.

BBC-yə danışan İran azərbaycanlıları xüsusilə Təbriz bazarının bağlanmasını həssas məsələ sayırlar, onların fikrincə, burda çalışan ticarətçilərin tətil etməsi etirazlara öz ciddi təsirini göstərəcək.

İranda sentyabrın əvvəlində əxlaq polisi tərəfindən saxlanmış Məhsa Əmininin üç gün sonra müəmmalı şəkildə vəfatı ölkənin etirazlar dalğasına bürünməsinə səbəb olub.

İran hakimiyyəti bu etirazlara görə, “xarici qüvvələri” günahlandırıb və bildirib ki, etirazların qarşısı sərt şəkildə alınacaq.

Son dörd gündə sosial mediada yayılan video görüntülərdə Tehran, Təbriz və İranın bəzi şəhərlərində sıralanmış mağazaların bağlı olduğu, alış-verişin getmədiyi görünür.

Təbirz bazarından çəkildiyi deyilən video görüntülərdə bazar boşdur, dükanlar açıq deyil.

Yerli ticarətçilər bununla tətil etdiklərini və etiraz aksiyalarına dəstək verdiklərini deyirlər.

İranın Azərbaycan vilayətinin bəzi şəhərlərində də yerli ticarətçilər öz mağazalarını açmayıblar.

Ticarətçi Nasir Xadayari (təhlükəsizlik səbəblərindən ad və soyadı dəyişdirilib – red.) mağaza və dükan sahiblərinin 3 günlük tətil elan etdikərini eşidib və dərhal bunu dəstəkləyərək məşhur Təbriz bazarındakı mağazasını açmayıb.

O, BBC News Azərbaycancaya deyib ki, artıq yorulublar: “Dindirəndə deyirik ki, dünyanın ən böyük qapalı və tarixi bazarı Təbrizdədir, amma Əbülfəzə and olsun ki, ailəmin xərcini çıxarda bilmirəm”.

Nasir Xadayari narazıdır ki, yüksək vəzifəli şəxslərin övladları Avropa və ABŞ-da “öz istədikləri kimi” yaşayır, onun kimi yoxsullar isə “ailə yanında xəcil olurlar”.

Dünyanın ən böyük bazarlarından biri sayılan Təbriz bazarında azı 5 min 500 dükan yerləşir, BBC-yə danışan yerlilər deyiblər. Onların sözlərinə görə, bazarda karvansaralar, çoxlu “rastabazarlar” (bir neçə kiçik bazarın qovşağı) var.

Təbriz bazarında dükan sahibi olan orta yaşlı Mehdi Dustdar (təhlükəsizlik səbəblərindən ad və soyadı dəyişdirilib – red.) ) deyir ki, iqtisadi vəziyyət getdikcə pisləşir, adi dərmanları belə tapmaqda çətinlik çəkirlər. Onun sözlərinə görə, alış-veriş tamamilə zəifləyib: “Təbriz bazarında əsnaf milçək qovalayır. Əlində pulu olan gedib Türkiyədə, İstanbulda ev alır. Gələcəyə ümidimiz qalmayıb. Mən də dükanı satmağı düşünürəm. Hərçənd dədə-baba mirasımızdır, amma çarəmiz qalmayıb”.

Mehdi Dustdar deyir, tətilə qısamüddətli çıxılıb, həftənin birinci günü bazar-market açılacaq. “Təkcə açıq və ya qapalı deyil, şəhərin hər yerində əsnaf çəkib dükanı bağlayıb. Ancaq görünür ki, vəziyyət yaxşıya doğru getmir və bazarın açıq olub-olmaması durumumuzu çox dəyişdirməyəcək”.

Təbriz sakini, 40 yaşlı Mina Həsənzadə (təhlükəsizlik səbəblərindən ad və soyadı dəyişdirilib – red.) yerli ticarətçilərin tətilini dəstəkləyir, hətta bu tətilin nəqliyyat, təhsil sektoruna da sirayət etməsini istəyir: “İndi ölkədə cavanların hamısı iş axtarır, amma əvəzində bunlar da qana susayıb. Əllərinə düşən hər kəsi tuturlar. Bir çox adam öldürüblər. Səsimizi heç kimə çatdıra bilmirik”.

Dövlət mediası İzeh şəhərində “terror hücumu” zamanı motosikletli silahlıların 7 nəfərin öldürüldüyünü bildirib.

Lakin mənbələr BBC Farscaya bildiriblər ki, 9 yaşlı Kian Pirfalak və 14 yaşlı Sepehr Maghsoudi təhlükəsizlik qüvvələrinin açdığı atəşlə öldürülüb.

Kian Pirfalakın ailəsinə yaxın mənbə BBC Farscaya bildirib ki, doqquz yaşlı uşaq atası Mayşamla avtomobildə səyahət edərkən bir qrup təhlükəsizlik işçisi onlara atəş açıb.

Onların sözlərinə görə, Kian sinəsindən güllə yarası alıb və hadisə yerində dünyasını dəyişib, Mayşama isə kürəyindən üç zərbə alıb və xəstəxanada müalicə olunur.

Sepehr Maghsoodinin ailəsinə yaxın mənbə BBC Farscaya bildirib ki, 14 yaşlı gənc İzehdə keçirilən etiraz aksiyasında başından güllə ilə vurulub.

İRNA dövlət agentliyi bu hadisənin terror olduğunu və 5 təhlükəsizlik əməkdaşının da yaralandığını açıqlayıb.

İran İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, təhlükəsizlik qüvvələri İran rəsmilərinin “iğtişaşlar” kimi qələmə verdiyi hadisələri güc yolu ilə yatırarkən, 56-sı uşaq olmaqla azı 362 etirazçı öldürülüb, 16 min adam həbs edilib. Qurum, həmçinin 46 təhlükəsizlik əməkdaşının öldürüldüyünü bildirib.

Tacxeber.com

Oxşar xəbərlər