• 23 Noyabr 2024 00:44

Bir KQB əməkdaşının qətli sonda nazirin və həyat yoldaşının “intiharı” ilə sonuclandı.

1980-ci il dekabrın 27-də SSRİ Dövlət Təhlükəszilik Komitəsinin (DTK – KQB) əməkdaşları təlaşlı bir xəbər aldılar. Komitənin məxfi VIII bölməsinin əməkdaşı mayor Vyaçeslav Afanasyev bir gün əvvəl yoxa çıxıb, evinə getməyib.

 

Adi halda bu, bəlkə də dərhal təşviş doğurmazdı. İtdiyi gün Afanasyevin doğum günü idi, bəlkə də içib haradasa yatıb, bəlkə ehtiyatı əldən verib məşuqəsinin evində gecələyib, hər şey ola bilərdi. Üstəlik, dekabrın 27-i şənbə günü idi. Amma yeddi ay öncə həmin VIII bölmənin başqa bir əməkdaşı, Viktor Şeymov arvadı və qızı ilə birlikdə yoxa çıxmışdı, indi də Afanasyev (bir neçə ildən sonra məlum oldu ki, Şeymov və ailəsi Amerikaya qaçıb).

 

Amma Afanasyev tezliklə tapıldı. Məlum oldu ki, dekabrın 27-də Moskva kənarında ağır xəsarətlərlə huşsuz və çılpaq halda tapılan naməlum kişi elə Afanasyevdir. O, özünə gəlmədən yanvarın 1-də keçindi.

 

Əvvəlcə belə bir versiya irəli sürüldü ki, KQB mayorunu maşın vurub, sonra həm iz azdırmaq üçün başqa yerə aparılıb, həm də qarət olunub. Amma daha sonrakı istintaq hərəkətləri hadisənin əsl süjetini ortaya qoydu.

 

Dekabrın 26-da 40 yaşı tamam olan və bunu iki iş yoldaşı ilə qeyd edən Afanasyev metroya oturur. O, keçid stansiyalarının birində qatarı dəyişməli idi, amma yuxuladığından həmin xəttin sonuncu stansiyası olan yerüstü “Jdanovskaya” stansiyasına (indi “Vıxino”) gedib çıxır. Burada onu metro işçisi oyadır və sərxoş olduğuna görə stansiya milisinə xəbər verir.

 

Qaydalara görə, milisin KQB işçisini saxlayıb sorğu-sual etmək hüququ yox idi. Hətta cinayət başında yaxalasalar belə, sadəcə KQB-nin növbətçi hissəsini xəbərdar etməli və əməkdaşı onlara təhvil verməli idilər. İçkili olsa da, ağlı başında olan və ayaq üstdə normal dayanan Afanasyev milislərə bu qaydanı xatırladır.

 

Amma növbə zamanı özləri xeyli araq içmiş milislər reallıq hissini itirmişdilər. Sonralar istintaq müəyyən edəcək ki, onlar içkili sərnişinləri mütəmadi olaraq qarət etməklə məşğul olurmuşlar. İndi də onların gözü Afanasyevdə olan konyak və araq butulkasına, hisə verilmiş kolbasaya, bir banka pomidor turşusuna düşür. Buna görə də KQB mayorunun qollarını buraraq stansiyadakı milis məntəqəsinə aparırlar. Burada Afanasyev zorakılığa məruz qalır.

 

Milislərdən yalnız biri içkili deyildi və baş verənlərin normal olmadığını anlayır. O, özlərinin tabe olduqları 5-ci şöbənin növbətçisinə zəng edir. Növbətçi KQB mayorunun dərhal buraxılmasını əmr edir. Milis bu əmri öz yoldaşlarına çatdırır və onlar da mayoru buraxırlar.

 

Bu zaman Afanasyev həyatı bahasına başa gələcək səhvə yol verir: otaqdan çıxarkən “görərsiniz, sizin başınıza nə oyun açacağam” söyləyir. Bir-birlərilə məsləhətləşən milislər onun ardınca qaçıb yenidən məntəqəyə sürüyürlər və bu dəfə artıq sadəcə zorakılıq baş vermir, mayora ağır xəsarətlər yetirirlər. Bundan sonra Afanasyev şəhər kənarına aparılır, orada başına armaturla yenidən xəsarətlər yetirilir, soyundurulur və şaxtada buraxılır. Buna baxmayaraq, o, səhər təsadüfi adamlar tərəfindən tapılanda hələ diri idi.

 

Cinayət işi 4 milisin güllələnmə cəzasına, daha dörd nəfərin isə müddətli həbslərə məruz qalması ilə yekunlaşdı. Afanasyevi xilas etməyə çalışan milis haqqında cinayət işinə xitam verildi.

 

Bu hadisə KQB sədri Andropovla DİN naziri Şelokov arasında gedən mübarizənin kulminasiyası oldu. Proses Brejnevin ölümündən sonra Şelokovun vəzifədən çıxarılması, rütbə və təltiflərdən məhrum edilməsi, arvadının və özünün intiharı ilə nəticələndi.

 

Məlum səbəblərdən cinayət işi gizli, məhkəmə prosesi qapalı aparıldı. Yanız SSRİ-nin son illərində mətbuatda bu hadisə haqqında materiallar getdi. 1992-ci ildə isə “Jdanovskaya”da qətl” adlı film çəkildi.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər