Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifələri artırılıb.
Tacxeber.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.Dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda işçinin elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul etmək, bununla bağlı işçinin müraciəti əsasında əmək kitabçasında müvafiq qeydlər aparmaq da Xidmətin vəzifələri sırasına əlavə edilir.
Qeyd edək ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsinə əsasən, aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır:
– fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;
– fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə;
– fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə;
– Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda;
– Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə.