• 11 Dekabr 2024 00:43

“Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK MÜSAHİBƏ

Tacxeber olaraq sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynovanın Lent.az-a verdiyi müsahibəni təqdim edirik:

– Bu gün Azərbaycanda istehsal olunan zavod çörəkləri keyfiyyətcə qənaətbəxşdirmi?

– Bu gün satışda olan çörəklərin əksəriyyəti insan sağlamlığı üçün həddindən artıq təhlükəlidir. Çünki həmin çörəyin hazırlandığı un keyfiyyətli deyil. Elə buna görə də insanların bir qismi çörəkdən imtina edir.

Həmin çörəklər tərkib baxımından sənaye üsulu ilə hazırlanır. Bu baxımdan insanların bu çörəklərdən istifadə etməsini məsləhət görmürəm.

Çörəyin hazırlanmasında sintetik mayalardan istifadə olunur. Bu çörəkləri istehlak etdikdə insanda köp, şişkinlik yaradır və həzm prosesini çətinləşdirir.

Bəzi insanlar həmin çörəkləri almağa məcbur olurlar. Zavod çörəyini qızardıb nəmliyini azaldaraq az miqdarda istifadə etmək olar.

– Marketlərdə satılan, mənşəyi bilinməyən, keyfiyyətsiz qidalar insanları hansı təhlükə ilə üz-üzə qoyur?

– Ölkədə elə marketlər var ki, səhər tezdən həmin marketlərə daxil olduqda insanı pis qoxu vurur. Bəzi market sahibləri enerjiyə qənaət etmək üçün gecədən soyuducuları söndürürlər. Həmin ərzaqlar uzun müddət lazım olan temperaturda yox, daha aşağı temperaturda saxlanılır. Belə olduqda həmin ərzaqların qida dəyəri də aşağı düşür. Xüsusilə zülal tərkibli qidaları normadan aşağı temperaturda saxladıqda onlar təhlükə mənbəyinə çevrilir.

İnsanlar qida seçərkən çox diqqətli olmalıdır. Kənd məhsulu adı altında satılan hər yumurta, qatıq, süd, pendir keyfiyyətli deyil. Məhsulların paketlənməsinə, qablaşdırılmasına, son istifadə tarixinə diqqət etməliyik. Aldığımız məhsul əzilmiş olmamalıdır. Son istifadə tarixi birbaşa məhsulun üzərində olmalıdır. Supermarketlərdə məhsulların üzərinə yapışqanlı kağızları o qədər üst-üstə yapışdırırlar ki, məhsulun ilk tarixi heç bilinmir. Bəzi aidiyyatı qurumlar müxtəlif monitorinqlər aparır. Amma məhəlləarası kiçik marketlər var ki, onlar özbaşınalıq edirlər. Əsasən bu marketlərə ciddi şəkildə nəzarət olunmalıdır.

– Marketlərdə mövsümə uyğun olmayan meyvələrin yüksək qiymətlərlə satıldığını görürük. Sizcə, həmin meyvələrin qiyməti yüksək olduğu qədər keyfiyyəti də yüksəkdir?

– Ümumiyyətlə insanlara mövsümə uyğun olmayan meyvələri istehlak etməyi məsləhət görmürəm. Qışda alçanın, çiyələyin satıldığını görürük. Bu meyvələrdən xüsusilə hamilə qadınlar alır. Çox təəssüflər olsun insanlar bilmir ki, həmin meyvələrin yetişdirilməsi üçün həddindən artıq kimyəvi maddələr, gübrələr və digər müdaxilələr olur. Bu cür yetişmiş çiyələklə təbii şəkildə yetişən çiyələk arasında çox fərq var.

– Restoranlarda vəziyyət qənaətbəxşdirmi?

– Ölkədəki hər restoranda vəziyyət ürəkaçan deyil. İstər bahalı, lüks restoranlarda, istərsə də ucuz restoranlarda ətin keyfiyyətsiz olduğunu, at və ya eşşək ətindən istifadə olunduğunun şahidi oluruq. Bununla bağlı nə qədər tədbir görülsə də yenə də həmin ətlərin restoranlara satıldığını çox yaxşı bilirik. İnsanlar bu gün müasir yeməklərə üstünlük verdiklərinə görə, həmin ətləri müxtəlif souslarla, dadlandırıcılarla insanların gözlərini boyayırlar.

– Küçədə, xüsusilə metrostansiyaların yaxınlığında üstüaçıq qidalar və içkilərin satıldığının şahidi oluruq… 

– Çox təəssüflər olsun ki, paytaxtın hər nöqtəsində ucuz qiymətə fiziki çirklənməyə məruz qalan qidalar satılır. Bu baxımdan bu gün gənclər arasında qastritdən əziyyət çəkənlər çoxdur. Keçmişdə 40-50 yaşlı insanların mədəsində problem yarandığının şahidi olurduqsa, indi isə 20 yaşlı gəncin mədəsində problem yarandığını eşidirik.

Ən çox da nar şirələri satılır. Nar çox faydalı meyvədir. Amma küçədə nar şirələrini gigiyenik qaydalara uyğun  şəkildə satmırlar. Narı yumurlar, şirəçəkəni təmizləmirlər, heç bir əlcəkdən istifadə etmirlər. Heç əlini yumağa yer yoxdur. Narın şirəsini çəkib uzun müddət onu plastik qabda saxlayırlar.

– Tez-tez paytaxt ərazisində hər hansı bir dönərxananın bağlandığını müşahidə edirik. Bunlara səbəb isə həmin dönərxanalarda gigiyenik qaydalara riayət olunmaması və yaxud satılan dönərin at və ya eşşək ətindən hazırlanması olub. 

Sizcə, bu gün dönərxanalara nəzarət yetəri qədər qənaətbəxşdirmi? Hazırda dönərxanalarda vəziyyət nə yerdədir?

– Qida satılan hər yerdə monitorinqlər aparılır. Amma mütəmadi olaraq aparılmır. 1 manat 50 qəpiyə dönər və ayran satılır. Axı, bu dönər nə dərəcədə keyfiyyətli ola bilər?

Dönəri düzgün şəkildə hazırlayıb bişirmirlər. Tez bir zamanda hazır olsun deyə alovun dərəcəsini artırırlar. Belə olduqda həmin ət də yanır. İnsanlar əsasən toyuq ətindən hazırlanan dönərlərə üstünlük verirlər. Amma həmin toyuq əti həqiqətən də toyuq ətindən hazırlanıbmı?

Dönər ətlərinin hazırlanması ucuz başa gəlsin deyə toyuğun dərisindən və digər atılmalı hissələrindən hazırlayırlar. Həmin dönərdə ət deyilən bir məfhum yoxdur.

Oxşar xəbərlər