“Söyüş ehtiyatının bütün zənginliyindən istifadə edərək ləyaqətli yazıçıları təhqir edən Əkrəm Əylislini belə yandırıb-yaxan nə olub, aya? Əlbəttə, ancaq və ancaq çıxışçıların Anarın çoxillik əməyini müsbət dəyərləndirmələri, mənim yenidən yekdilliklə (iki səs xaric) Yazıçılar Birliyinə sədr seçilməyim. Sifətin dəyişməsindən kim danışsa da, Əkrəm danışmamalıdır, çünki illər boyu onun ancaq mətbuat səhifələrinə çıxardığı bir-birinə daban-dabana zidd olan ədəbi və siyasi mövqelərindən, eyni şəxslərə müxtəlif vaxtlarda tamam fərqli münasibətlərindən sitatlar gətirilsə, qəzetin bir səhifəsini yox, bütün həcmini tutar”.
“Yeni Sabah” xəbər verir ki, bunu AYB sədri Anar Rzayev Əkrəm Əylislinin ittihamlarına cavab verərkən deyib. Bu haqda məqalə ilə çıxış edən Anar qeyd edib ki, o Əkrəmə “əkrəm üslubunda” cavab verməyi ləyaqətinə sığışdırmır:
“Ancaq onu demək istəyirəm ki, məni fiziki cəhətdən susdurmağı bacarmasa da, mənəvi cəhətdən susdurmaq Əkrəm kirvəmizin ömrü boyu qəlbini qovruldan kövrək nisgildir. Qurultayqabağı “altı təzək” müsahibələrimin birində Əkrəmdən də danışmışdım, demişdim ki, köhnə dəyərli əsərlərini nəzərə alaraq, Əylislini ədəbiyyat tariximizdən silmək düz olmaz”.
Anar qeyd edib ki, “Daş yuxular»dan sonra Azərbaycan mətbuatında Əkrəm haqqında ilk və yeganə müsbət yazıilə çıxış edib: “Haqqımda yazdığı və dediyi bütün hədyanlara baxmayaraq, bu, mənim Əkrəmə münasibətim, bu da onun mənə münasibəti:
“Mən təxminən 2 il bundan əvvəl Anar haqqında çox kəskin bir yazı yazmışdım, yazmışdım ki, sən saxtasan, vəzifə xəstəsisən, sifətinə mələk siması taxıb iblisanə əməllər törətmisən”.
Mənim “iblisanə əməllərim” haqqında Ə.Əylisli bircə konkret fakt gətirə bilərmi? Əlbəttə, gətirə bilməz. Yəqin onun aləmində İblis əməlləri mənim də, başqa namuslu yazıçılarımız kimi Əylislinin Milli Məclisdə səsləndirdiyi “Gərək torpaqlarımızın bir qismini ermənilərə güzəştə gedək” çağırışına qoşulmamağımızdır. Həqiqətən də Əkrəmin hədsiz-hüdudsuz erməni sevdası yeni bir “Əsli-Əkrəm» dastanında əks olunmağa layiqdir.
Vəzifə xəstəliyinə gəldikdə, vəzifə xəstəsi mən deyiləm, 33 ildir mənim yerimə göz dikəndir. Bütün bu illər ərzində gah deyir ki, mən Yazıçılar Birliyinə sədr olmaq istəmirəm, gah deyir ki, yuxarılardan gətirsələr, olaram. Eyni ildə, eyni ayda, eyni gündə iki müxtəlif qəzetdə bir-birinə zidd fikirlər söyləyir:
İllər boyu dönə-dönə “mən daha Yazıçılar Birliyinin heç bir işinə qarışmayacam” – deyir, iki gündən sonra yenə burada kimin sədr olması yuxusunu qaçırır. Sədr olsa hansı işləri görəcəyini, hansı nöqsanları düzəldəcəyini, nələri təklif edəcəyini bir dəfə də olsun bildirməyib, bir nəfər yaşlı ya cavan yazıçı haqqında xoş söz yazmayıb, yalnız yeri gəldi-gəlmədi özünü şişirdib: “Türkiyədə “Əkrəm Əylisli nəhəngliyində yazıçı yoxdur” deyəndə, yaxud “o vaxt mənim adım bütün SSRİ-də gur-gur guruldayırdı” söyləyəndə, görəsən, əti tökülmür? Özünü kimlə dəyişik salıb, görəsən: Müslüm Maqomayevlə, ya Alla Puqaçova ilə? Dahilik iddiasına düşən kimdir?”.
Anar daha sonra belə davam edib:
“”Daş yuxular” biabırçılığından sonra arzuladığı vəzifədən həmişəlik umsuq olduğunu dərk etsə də, öz xoşu ilə tərk etdiyi təşkilata sədr yeri yenə də daima beynini qurcalayır. “Kim olur-olsun, təki Anar olmasın”. İllər boyu bu amalla yaşayır. Mən 35 il ərzində beş qurultayda yekdilliklə (son qurultayda iki səs istisna) seçilərək çətindən çətin sədr vəzifəsini daşıyıram. Əkrəmin bu vəzifə uğrunda mübarizə tarixi, əvvəl qeyd etdiyim kimi, 33 ildir. Ona görə ki, təşkilatımıza rəhbər seçilən kimi Əkrəmi bura katib gətirdim. İki il normal işlədik.
…Mənə xoş münasibət bəsləyən, etibarsızlıq etməyən hər kəs anında Ə.Əylislinin gözünün düşməni olur. Böyük şairimiz, xalqımızın sevimlisi Ramiz Rövşən dostluğumuza sadiq qaldığına görə, mənə qarşı əkrəmsayağı nankorluq etmədiyinə görə və ən əsas da qurultayda məni dəstəklədiyinə görə Əkrəm onu burada gətirmək istəmədiyim küçə sözləri ilə təhqir edir. Vicdanlı jurnalist Taleh Şahsuvarlı “Anarın, Ramiz Rövşənin namini sənə vermərik, Əkrəm Aqulisli” adlı yazısında Əylislinin ləçər qara-qışqırığına layiqli cavab verib. Bundan sonra abrına qısılıb susmaqdansa, Əkrəm illər boyu dönə-dönə təkrar etdiyi kif atmış yalanlarına qəttəzə uydurmalar əlavə edir. Doğrusu, bu peşəkar yalançının növbəti iftiralarına cavab vermək həvəsim yox idi.
Qurultaydan sonra tək-tük uğursuzların ədəbi xuliqanlığına, tərbiyəsizliyinə cavab vermədiyim kimi. Sadə bir həqiqəti bildiyim üçün: çağdaş ədəbiyyatımıza xor baxanlar bundan sonra da hər yeni uğurumuzdan dilxor olacaqlar. Yeri gəlmişkən, mətbuatda, TV kanallarında, saytlarda haqq işimizə qahmar duran çox sayda insanlara dərin minnətdarlığımı bildirirəm. Əkrəmin uydurmalarını ancaq ona görə konkret faktlarla təkzib edirəm ki, məsələdən xəbərsiz olanların bəziləri bu iftiraları həqiqət saya bilər. “Yeni Müsavat” qəzetinin “Əkrəm Əylislidən Anar haqda sensasion açıqlamalar” manşeti ilə dərc etdiyi mətndə Əkrəmin yalanlarını məhz buna görə ifşa etməyi lazım bilirəm. Onu da bilirəm ki, gətirdiyim konkret faktların heç birini təkzib edə, dana bilməyən Əylisli üstümüzə yeni söyüşlər yağdıracaq, bir pors çirkab atacaq. Olsun, ağlı başında oxucular kimin kim olduğunu yaxşı bilir. Beləliklə, Ə.Əylisli deyir:
“O vaxt Anarı vəzifəyə təklif edənlərdən biri (biri yox, birincisi- A.) mən olmuşam. Təklif isə Mərkəzi Komitə katibi Həsən Həsənovdan gəlib. O, mənə və bütün orada Anarı müdafiə edənlərin hamısına bircə-bircə zəng edib demişdi ki, İsmayıl Şıxlını yıxın, Anarı onun yerinə gətirin. Biz də bunu etmişdik, mən də etmişəm”.
Görəsən, ağ yalan olduğunu özü də gözəl bildiyi bu uydurmaları dilinə gətirəndə heç utanıb-qızarmır. Ondan başlayaq ki, guya gizli partiya tapşırığını yerinə yetirmək üçün məxsusi olaraq Əylisdən dəvət olunan Əkrəm o vaxt Əylisdə deyildi, çabacaq Bakıda idi. Allaha şükür ki, Həsən müəllim sağ-salamatdır, lazım bilsə, ona qarşı da olan bu böhtanı özü təkzib edə bilər. Təbii ki, o vaxt Mərkəzi Komitənin inşaat məsələləri üzrə katibi Həsən Həsənovun həmişə dərin hörmət bəslədiyi İsmayıl Şıxlını yıxmaq fikri Əkrəmin çirkin iftirasıdır. Həsən müəllimin guya kimlərəsə bircə-bircə zəng edib Anarı dəstəkləməsini tapşırması isə Əkrəmin daş yuxularında gördüyü sayaqlamalardır. Bir vaxtlar Əkrəm yeri gəldi-gəlmədi iftixarla deyirdi ki, Anarı Yazıçılar İtttifaqına mən rəhbər gətirmişəm. İndi isə bu işi tapşırıqla etdiyini söyləyir. Həm də yaddaşında problemlər olduğu üçün hər dəfə ayrı-ayrı versiyalar irəli sürür. “Yalançının yaddaşı olmaz” belə yerdə deyiblər. Bir ara siyasi konyukturaya uyğunlaşaraq deyirdi ki, Anar bu vəzifəyə DTK sədri Vaqif Hüseynovun təkidi ilə gəlib”.