Xəbər verdiyimiz kimi, tanınmış iş adamı Fərhad Əhmədovun Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanıldığı iddia edilir. F.Əhmədov kütləvi informasiya vasitələrində barəsində yayılan məlumatlarla bağlı açıqlama yayıb.
F.Əhmədov Pravda.az-a ünvanladığı açıqlamasında məlumatların həqiqətə uyğun olmadığını deyib.
“KİV-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldığım, mənə məxsus evlərdə axtarışlar aparıldığı, casusluqla ittiham olunduğum barədə absurd məlumatlar dərc edilib. Bütün bu məlumatlar həqiqətə uyğun deyil, təhqiqat və ya istintaq orqanlarına dəvət olunmaq “cinayətdə ittiham edilmək” demək deyil. Əfsuslar olsun ki, bu gün informasiya vasitələri gündəmdə qalmaq üçün mənim adımdan istifadə edir, adım ətrafında əks -reklam xarakterli, ümumiyyətlə, mənə aidiyyatı olmayan uydurma məlumatlar yayır. Mən Rusiya Federasiyasının vətəndaşı olmaqla yanaşı, azərbaycanlıyam. İstər əvvəllər mövcud olmuş siyasi fəaliyyətimdə, istərsə də biznes fəaliyyətim zamanı daim Vətənim dogma Azərbaycanımıza qulluq etmişəm. Prezident cənab İlham Əliyevin siyasi kursunu öz imkanlarım çərçivəsində her cür dəstəkləmişəm. Hazırda Azərbaycan dövləti və xalqı üçün etdiklərimi sadalamaq istəmirəm. Düşünürəm, bu haqda internet ehtiyatlarında kifayət qədər məlumatlar mövcuddur”.
F.Əhmədov bildirib ki, barəsində həqiqətə uyğun olmayan məlumatları dərc edən kütləvi informasiya vasitələrinin məqsədi və niyyəti hər kəsə məlumdur:
“Məni xalqımızın gözündə nüfuzdan salmaq, şərəf və ləyaqətimi, o cümlədən işgüzar nüfuzumu ləkələməkdir. Hətta bəzi hallarda bu yazlar böhtan və təhqir əlamətlərini özündə əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2 – ci maddəsinə əsasən, fiziki şəxsin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar KİV-də yayılıbsa, kiitlevi informasiya vasitelerinde yayrlmrqdrrsa, həmin KİV-də də təkzib edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə görə, “yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etidrilən əsərdə və ya kütləvi informasiya vasitəsində, o cümlədən xüsusilə ağır cinayətdə ittiham etməklə yayma – böhtan atma, 148-ci maddəsinə görə, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq təhqir hesab edilir və cinayət məsuliyyəti yaradır. “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 44-ci maddəsinə əsasən, kütləvi informasiya vasitəsində fiziki ve hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli niimayəndəsinin həmin kütləvi informasiya vasitəsində 1 ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatların təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ var”.