• 23 Noyabr 2024 03:21

Tural Abbaslı: “YAP-ın 30 illiyinə qatılanlar Marsdanmı gəliblər, yoxsa “Soros”un, İranın, bəlkə Fransanın, Rusiyanın agentləridir?”

Ağ Partiyanın sədri Tural Abbaslı Yeni Azərbaycan Partiyasının 30 illik yubiley mərasimində iştirak etdiyinə görə ciddi tənqid olunmasına münasibət bildirib.

T.Abbaslı Pravda.az-a açıqlamasında deyib ki, normal ölkələrdə belə tədbirlər müzakirə mövzusu olmur.

Partiya sədri bildirib ki, bu məsələyə lağ edən, ironiya ilə yanaşan, “satqınlıq” adlandıran insanların qibtə etdikləri Avropada belə bu, adi haldır: “Müxalifətlə iqtidar koalisiyaya girir, bir-birilərini tənqid edir, eyni zamanda tədbirlərinə qatılırlar. Türkiyədə də eyni proseslərdir. Sadəcə, “daş qafalı”lar, ibtidai icma quruluşu müxalifəti var. Onlar heç müxalifət də deyillər, öz maraqlarını güdürlər. Xalqın marağını güdən müxalifət heç vaxt belə addımları tənqid etməz. Əksinə, sevindirici hal olmalıdır ki, artıq müxalifət proseslərdə iştirak edir, dövlət protokolunda olur, təsir imkanları artır. Müxalifət olmaq elə oturub küçədən tənqid etməklə deyil ki… Bütün adi ölkələrdə bu, normal haldır. Tənqid edənlərin özləri guya inkişafdan, siyasi demokratiyadan, azadlıqdan danışırlar, amma demokratiyanın, azadlığın ilkin cücərtiləri olan belə addımlarda kəskin tənqid edirlər. Mən o adamlara sual vermək istəyirəm, o tədbirdə olan insanlar Marsdanmı gəliblər, yoxsa “Soros”un, İranın, bəlkə Fransanın, Rusiyanın agentləridir? Hansı ki onlar  sevə-sevə bizi tənqid edəndə gedib həmin ölkələrin səfirliklərində oturub, səfirin köməkçisinin çay gətirəni ilə saatlarla danışırlar, sonda da bunu fəxrlə tirajlayırlar. Bu, ibtidai düşüncənin, geri zəkalılığın göstəricisidir. Bizə qarşı bu cür avantürist, qərəzli siyasət aparanların da cavabını veririk, verəcəyik də. Bizim Allahdan başqa heç kimin qarşısında gözü kölgəliliyimiz yoxdur. Onsuz da belə olmalıdır”.

Tural Abbaslı xatırladıb ki, YAP-ın 30 illiyindən iki ay əvvəl Azərbaycan Milli İstiqlal Partiyasının 30 illiyi olmuşdu: “Həmin tədbirə YAP-ın Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov gəldi iki saat oturdu, YAP adından çıxış etdi, təbrik səsləndirdi, getdi. T.Budaqov faktiki Prezident və Birinci xanımdan sonra YAP-ın üçüncü adamıdır. Mən onda heç görmədim, YAP-çılar Tahir Budaqovu tənqid etsinlər ki, sən niyə müxalifətin tədbirinə getmisən? Bu, göz qabağında olan bir tədbirdir, şəffaf prosesdir. Yəqin, tənqid edənlərin özlərinin zamanında hakimiyyətlə görüşlərdə, yaxud belə tədbirlərdə alış-verişləri olub deyə, elə bilirlər ki, bütün tədbirlərdə belədir. Bu cür bəsit yanaşmalara diqqət etmək lazım deyil. Məqsədləri özlərinin olmadıqları istənilən prosesi gözdən salmaq, “satqınlıq” adlandırmaqdır ki, özləri tarixin zibilliyinə getməsinlər. Onsuz da az qalıb, ora gedirlər…”

Tacxeber.com

Oxşar xəbərlər