Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirməsi bu nazirlikdə baş verən qanunsuzluqları yenidən gündəmə gətirdi.
Bu gün mətbuatda gedən iddialara görə, Mədəniyyət Naziri Anar Kərimov həyat yoldaşı Mehriban Kərimova üçün paytaxtın mərkəzi küçələrindən birində ümumi sahəsi 400 kvadrat, dəyəri təqribən 3 milyondan çox olan ofis alıb.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov yüksək vəzifələrə təyin olunan şəxslərin düzgün seçilmədiyini bildirib:
“Əvvəla sağ olsun ki, ofisi burada alıb, xaricdə almayıb. Əgər alıbsa, xalqın özünə qalacaq. Anar Kərimovun sağ əli xaricdə villalar alanların başına olsun. Hər şey gün kimi aydındır, nə isə danışmağa, izaha ehtiyac yoxdur. Bu gün Azərbaycanda birmənalı şəkildə biznes sturukturu var, onun da adı vəzifədir. Pul qazanmaq üçün vəzifəyə gəlirlər.
Biz dünənə kimi fəxr edirdik ki, balalarımız gedib xaricdə təhsil alırlar, mədəniyyət öyrənirlər, dünya iqtisadiyyatına inteqrasiya edirlər filan. Bu barədə o vaxt deyəndə mənə dövlət səviyyəsində Ramiz Mehdiyevin komandasından hücumlar etdilər. Mən deyirdim ki, onsuz da milyonlarınız, milyardlarınız var, çapıb-talamısınız, Allah işinizi avand etsin, pulu verin uşaqlarınıza getsinlər Avropada kef etsinlər, amma dövlət üçün ayrılan 5-10 yerə qoyun xalqın ləyaqətli, xaricdə oxumuş, savadlı uşaqları getsin. Onlara imkan verin ki, xalqa yiyə dursunlar. Bu böyük cinayətdir, genosiddir.
Hər yerdə bu haldır. Məni yandıran odur ki, xalqın xaricdə təhsil alıb gələn balaları təyinatı üzrə işə götürülmürlər. Gül kimi balalarımızı itiririk”.
Rejissor gəncləri bu postlara təyin etdirənlərin kimliyini araşdırmağı məsləhət görüb:
“Məni narahat edən bir məsələ var, bu gəncləri gətirib yüksək vəzifəyə təyin etdirənlər kimlərdir? Onların arxasında kimlər dayanır? Niyə onlar ortaya çıxarılıb daş-qalaq edilmirlər? Hər adamı vəzifəyə qoymaq olarmı? Kimisə vəzifəyə qoyanda onun yeddi arxadönəninə qədər yoxlamaq lazımdır. Onun qanına, südünə baxmaq lazımdır.
Mən həmin Mədəniyyət nazirinə dəfələrlə müraciət etdim. Məni qəbuluna çağırmadı, müraciətlərimi vecinə almadı.
Bütün bunlara baxmayaraq, mən Mədəniyyət nazirinə təşəkkür edirəm. Sağ olsun ki, xalqdan oğurladığı pulu heç olmasa burada xərcləyib, xaricə aparmayıb. Əgər bu iddialar doğrudursa, digər xalqın pulunu çapıb-talayanlara nümunə olsun. Oğurladığınız pulları aparırsınız xaricə, sonra it də gedir, ip də”.