• 11 Dekabr 2024 00:19

Natiq Cəfərli: “Qiymət artımı insanların belini bükür, kasıblaşdırır”

“2022-ci ilin yanvar-oktyabr, yəni ilin ilk 10 ayında ölkəyə 33.806 ton ət məhsulları idxal edilib, bir kq ətin idxal qiyməti 3 manat 6 qəpik olub. Eyni dövrdə ölkəyə 15.494 ton kərə yağı idxal olunub ki, bir kq kərə yağının idxal qiyməti 9 manat 69 qəpik təşkil edib. Ət və ət məhsullarının, kərə yağının pərakəndə satışda çox yüksək qiymətlərlə satılmasının əsas səbəblərindən biri (korrupsiya, inhisarçılıq – bunlar xroniki xəstəliklər, bu sistemin üz qarasıdır, burası aydındır) məhz 18%-lik ƏDV-dir”.

Bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli qeyd edib ki, pərakəndə satışda ərzaq məhsullarının ƏDV-si kəskin azaldılmalı, 18%-dən 2%-ə endirilməlidir, bu, qiymətlərin tənzimlənməsində ciddi rol oynayacaq: “İnflyasiya, qiymət artımı insanların belini bükür, kasıblaşdırır, real gəlirlər azalır, hökumət isə bu dərinləşən problemi görməzdən gəlməklə məşğuldur. Ölkədə 30 ildə normal iqtisadi institutlar, sistem də qura bilməyiblər ki, inflyasiya ilə, məsələn, Mərkəzi Bankın uçot dərəcəsi kimi alətlərlə mübarizə aparmaq mümkün olsun. Bizdə Mərkəzi Bankın uçot dərəcəsi formal, mənasız bir alətdir, çünki özü formal, hökumətdən asılı qurumdur, halbuki MB dövlət qurumu olmalı, müstəqil siyasət yeritməlidir. Amma bu Mərkəzi Bankın da günahı deyil…”

Tacxeber.com

 

Oxşar xəbərlər