“Rusiyalı yırtıcılar böyük raketlərlə kiçik doğum şöbəsini atəşə məruz qoyub…Ürəklərimiz kədərlə doludur, dünyaya yenicə göz açan körpə həlak olub…”
“Rusiyalı qəsbkarlar Xerson vilayətində onlara tabe olmayan icma rəhbərlərini oğurlayıb Dneprin sol sahilinə aparıb…”
23 noyabra keçən gecə Rusiya ordusu Zaporojye vilayətində xəstəxanalarının birinin doğum şöbəsini atəşə tutub.
Tacxeber.com xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Starux özünün “Telegram-kanal”ında məlumat verib.
“Bu gecə rusiyalı yırtıcılar böyük raketlərlə Volnyansk xəstəxanasının balaca doğum şöbəsini atəşə məruz qoyub. Ürəklərimiz kədərlə doludur, dünyaya yenicə göz açan körpə qətlə yetirilib. Hadisə yerində xilasedicilər işləyir. Raşistlərə ölüm!” – Starux yazıb. O, hansı raketlərdən söhbət getdiyini dəqiqləşdirməyib.
Sonradan Fövqəladə Hallar üzrə Dövlət Xidməti (FHDX) “Facebook”da faciə yerindən video dərc edib.
“Xilasedicilər Zaporojye vilayətinin Volnyansk şəhərində xəstəxanaya raket zərbəsinin nəticələrini aradan qaldırır. Yenicə doğulan körpə həlak olub. Ana və həkimlər sağdır, onlar artıq xilas edilib”, – bu tükürpədici kadrları FHDX şərh edib.
Bu ərəfədə bəlli olub ki, rusiyalı qəsbkarlar Xerson vilayətinin ərazi icmalarının bəzi sədrlərini oğurlayıb Dneprin sol sahilinə aparıb. Söhbət rusiyalı qəsbkarlara tabe olmayan üç icma rəhbərindən gedir. Hazırda bəllidir ki, onların bəziləri Rusiya qoşunlarının Dneprin sol sahilinə qaçışından sonra aparılıb. Hüquq-mühafizə orqanları hələlik bəzilərinin yerini müəyyən etməyib.