Milli Məclisin deputatı Aqil Abbas AMEA-nın Dilçilik İnstitutunda keçirilən müzakirələr zamanı “dovşan” sözünün yazılışının “dofşan”la əvəz olunması barədə səslənən təklifləri sərt tənqid edib.
A.Abbas Pravda.az-a açıqlamasında bildirib ki, Azərbaycan dilinin öz danışıq dili, bu danışıq dilinə görə də orfoqrafiya lüğəti var.
“Bu Dilçilik İnstitutunun əməkdaşları, deyəsən, bekarçılıqdan iş tapmırlar. Mənasız-mənasız işlərlə məşğuldurlar. Daha ağıllı işlərlə məşğul olsunlar. Bir tərsəməssəb orfoqrafiya lüğəti düzəldiblər. Nə bilim… Bir dəfə dedilər ki, eyni qoşa samitlərdən biri ixtisar olunsun. “Doşan”, “dofşan”, nə bilim “eşşək” əvəzinə “eşək”… Gah üç “ş” ilə deyirlər. Belə nağıllarla məşğul olmaqdansa, ağıllı işlə məşğul olsunlar. Dilçilik İnstitutuna dövlət pul ayırıb. Qeyri Hökumət Təşkilatları kimi iclas keçiriblər, çünki tələb edirlər ki, “nə iş görmüsən?” Bunlar da adamlar yığıb, “şikil” çəkdirirlər ki, “hə, iclas keçirdik”. Verirlər yuxarı, buna görə də pul alırlar. Bu da eyni şeydir. Öz də Dilçilik İnstitutunda çox güclü gözəl, alimlər var. Mən məəttəl qalıram ki, bu cür güclü alimlər niyə belə boş-boş işlərlə məşğul olurlar…”, — deputat deyib.