• 23 Noyabr 2024 04:37

“İlkin Süleymanovdan ikinci ifadə alınmayıb” – “Nərmin işi”

"İlkin Süleymanovdan ikinci ifadə alınmayıb" - "Nərmin işi"

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Tacxeber.com xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosses saat 16:00-da başlayıb və iki saat davam edib.

Bu dəfəki prosesdə İlkin Süleymanovun ifadəsinin yerində yoxlanması və istintaq hərəkətləri ilə bağlı protokol və disklər tətqiq edilib.

Prosesdə İlkin Süleymanov dövlət ittihamçısının suallarını cavablandırıb.

“Verilən ifadə ilə yerində yoxlanan ifadə arasında ziddiyyətlər var. Müstəntiq təqsirləndirilən şəxsdən soruşmalıdır. Həqiqətənmi təqsirləndirilən şəxs Nərmin Quliyevanı görübmü? Amma bu sual təqsirləndirilən şəxsə verilmir. İfadələrdə eyni texniki səhvlər var. Bu onu göstərir ki, İlkin Süleymanovdan ikinci ifadə alınmayıb. Bir ifadə sadəcə kopya edilib.

Bir digər məsələ odur ki, İlkini Tovuz Rayon Polis Şöbəsində dindiriblər, lakin yazıblar ki, o, Dondaq Quşçuda dindirilib. Yəni bu kimi hallar kobud pozuntudur”-deyə İ.Süleymanovun vəkili Zabil Qəhrəmanov bildirib.

Məhkəmə prosesində qətlə yetirilən Nərmin Quluyevanın atası Şərif Quliyev və digər yaxnları da iştirak edib.

“Məhkəmənin gedişindən razıyam. Mənim heç bir narazılığım yoxdur. Sadəcə İlkinin vəkilləri məhkəməni uzadır. Mənim istəyim cinayəti törədən şəxsin ədalətli şəkildə cəzalandırılmasıdır”,-deyə ata bildirib.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. Həmin ilin yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə, adam oğurluğu və başqa maddələrlə nəzərdə tutulan ittiham elan olunub.

Növbəti məhkəmə prosesi noyabrın 29-u keçiriləcək.

Tacxeber.com

Oxşar xəbərlər