• 23 Noyabr 2024 00:25

Pomidor turşusundan zəhərlənib, ölənlərin sayı artıb – Alarkən bunlara diqqət edin…

Xəbər verdiyimiz kimi, dünən Bakıda müəllim pomidor turşusundan zəhərlənərək dünyasını dəyişib.

Bəs hansı hallarda qidadan zəhərlənmək olar?

Mövzu ilə bağlı açıqlama verən Mərkəzi Tibbi Klinikanın toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, qida zəhərlənməsi bakteriyalar və ya onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələr ilə yoluxmuş qida qəbulunun səbəb olduğu xəstəlikdir. Yoluxma, adətən, qida və ya içki məhsulları ilə düzgün olmayan qaydada davranma, onların səhv hazırlanması və saxlanılmasından irəli gəlir.

Azər Maqsudov deyir ki, qida zəhərlənmələri zamanı “botulizm” (Botulizm və ya botulismus nadir rastlanan, amma çox təhlükəli klostridial infeksiyadır) adı verilən infeksiya növü yaranır ki, bu da ölümə səbəb ola bilər:

“Botulizm toksini neyrotoksindir və buna görə sinir sistemini zədələyir. Qida mənşəli botulizm ifliclərə səbəb ola bilir və bu da tənəffüs çatışmazlığına səbəb ola bilər. Erkən simptomlara yorğunluq, halsızlıq, görmənin toranlaşması, ağızın quruması və danışma və udqunma zamanı çətinlik kimi əlamətlər aiddir. Qusma, ishal, qəbzlik əlamətləri də yarana bilər. Bu xəstəlik tənəffüs əzələləri və bədənin aşağı hissələrinin əzələləri zəiflədikdən sonra, boyun və qollarda da əzələ zəifliyinə səbəb ola bilir. Bu tip zəhərlənmələrin isə özünəməxsus əlamətləri var. Baş ağrıları, qusma, qarın nahiyəsində küt ağrılar, ürək bulanma və qızdırma müşahidə oluna bilər”.

Həkimin sözlərinə görə, zəhərlənmə zamanı vətəndaşlar ev şəraitində heç bir şey qəbul etməməlidir:

Qida toksikoinfeksiyalarının diaqnozu xəstəliyin ilk saatlarında müəyyən edilməlidir ki, xəstələnməyə səbəb olan ərzaq məhsulu tapılıb zərərsizləşdirilsin. Xəstəliyin adətən eyni ərzaq məhsulunu yemiş xəstələr arasında baş verməsi, gizli dövrün qısa olması, xəstələrdə eyni əlamətlərin tapılması, ilk yardımdan – mədənin yuyulması və təmizləyici imalədən sonra xəstələrin vəziyyətinin tez yaxşılaşması, qida toksikoinfeksiyaları üçün xarakterik hesab olunur. Bu tip zəhərlənmələr olarsa, ev şəraitində hər hansısa müdaxilə etmək doğru hesab olunmur”.

Ümumiyyətlə, payız-qış fəsillərində turşudan, xüsusilə də pomidor turşusundan zəhərlənmə hallarına tez-tez rast gəlinir. Ağır zəhərlənmələr verən turşular əslində düzgün qoyulmadıqda ölüm mənbəyi olur. Mütəxəssislərin fikrincə, adətən turşunun olduğu qabın qapağı çox pas atmamalı, çox şişməməlidir. Mikroblar içəridədirsə, qapaq şişməyə başlayır. Əgər insanın orqanizmi mikroba tab gətirirsə, o, ölümdən qurtula bilir, amma orqanizm zəifdirsə, zəhərlənmə ölümlə nəticələnir.

Qeyd edək ki, çoxları turşunu necə hazırlamağı bilmirlər. Buna çox səthi yanaşırlar. Təkcə məhsulun özü deyil, onun bağlanacağı qab da təmiz yuyulmalıdır. Qapaqlara vaxtaşırı nəzər yetirilməli, qapaqları paslanmış, qalxmış turşular atılmalıdır. Əks halda zəhərlənmə riski hər zaman olacaq. Mütəxəsislərin fikrincə, plastik qablarda satılan və istehsal tarixi yeni olan turşulara üstünlük vermək lazımdır. Həmçinin pomidorları alarkən çox diqqətli olmaq lazımdır, əgər pomidorların içərisində bir ədəd çürük pomidor olarsa, bu, turşu hazırlanan zaman digərlərinə də təsir edəcək.

Tacxeber.com

Oxşar xəbərlər