• 04 Noyabr 2024 01:38

“Sənətkarı yaşa görə kənara atmaq olmaz”

“Ümumiyyətlə kim yaş həddi ilə bağlı qanunu qəbul edibsə, o gərək düşünməli idi ki, hər müəssisənin öz qayda-qanunu olmalıdır. Hamısını bir xəttlə etmək olmaz. Sənətkarı yaşa görə kənara atmaq olmaz. Onu işlə təmin etmək daha yaxşıdır, nəinki teatrdan çıxarmaq”.

Tacxeber.com xəbər verir ki, bunu moderator.az-a özəl açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının direktoru, “Şöhrət” və “Şərəf” ordenləri laureatı, Teatr Xadimləri İttifaqının idarə heyətinin sədri Azərpaşa Nemətov deyib.

O daha sonra əlavə edib.

“Təbii ki, sənətkarlar istədikləri vaxt təqaüdə çıxa bilərlər, bu onların öz istəklərindən asılıdır. 70 yaşında aktrisa olub ki, heç teatrdan təqaüdə çıxmayıb. Özünü yaxşı hiss edib, tamaşalarında gəlib oynayıb. Onu kim teatrdan çıxara bilər? Aktyorları, sənət adamlarını sevmək lazımdır ki, onlara həyatlarını davam etdirməkdə köməklik göstərəsən. Mən bütün sənətkarların dəstəkçisiyəm. Xalq artisti Rafiq Əzimovun 85 yaşı var, onunla müqavilə bağlamışıq. Tamaşalarda da oynayır, özünü çox yaxşı hiss edir. Hər adamı tamaşada istifadə etmək olar. Baxır kim edir, necə edir?” deyə sənətkar bildirib. Azərpaşa Nemətov Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Məsumə Babayevanın teatrdan çıxarılmağına da münasibət bildirərək, onun ünvanına təriflər yağdırıb.

“Məsumə xanımı mən çox yaxşı tanıyıram, maraqlı aktrisadır. O həm mənim tələbəm, həm də aktrisam olub. Həmişə də maraqlı rollar oynayıb. Rejissoru olduğum “Yuxulama” tamaşasında da o maraqlı obraz yaradıb. Bu tamaşa ilə Özbəkistanda biz ilk üçlükdə qərarlaşıb, mükafat almışdıq. Bilmirəm neçə yaşı olar, amma hərhalda məndən çox cavandır. Vaxt olub ki, teatr bu cür aktrisaların çiynində gedib. Onun xüsusi ampluası olub, teatrda oğlan və uşaq rolları da oynayıb. Məhz Gənc Tamaşaçılar Teatrının ona hər zaman ehtiyacı olub, böyük repertuar belə aktrisalarla formalaşıb. Məsumə xanım rəhbərlik etdiyim Teatr Xadimləri İttifaqının teatr labaratoriyasında da iştirak edib, tamaşa oynayıb. Həmin tamaşa ilə Türkiyədə qastrol səfərində də olublar. Yenə də qərarı teatrın rəhbərliyi verməlidir. Məsumə xanıma sizin vasitənizlə demək istəyirəm ki, xəstələnməsin, özünü yaxşı hiss etsin. Ona hansı kömək lazımdırsa biz etməyə hazırıq. Möhkəm dursun. Bir sənət adamı, sənət dostu kimi onun yanında olmağa, kömək etməyə hazıram” deyə Azərpaşa Nemətov deyib. Azərpaşa Nemətov bildirib ki, teatrlarında qazi və vətən müharibəsi iştirakçıları da çalışır.

“Teatrımızda bir neçə qazi və vətən müharibəsi iştirakçısı çalışır. Bilirsiniz ki, aktyorumuz Əli Nurun oğlu Rövşən də şəhid olub. Onlar canlarını bu vətən uğrunda fəda ediblər. Nəinki mənim, bütün vətəndaşların borcudur ki, onlardan əllərindən gələn köməyi əsirgəməsinlər” deyə xalq artisti bildirib.

Tacxeber.com

Oxşar xəbərlər